BİR QRUP RABİTƏÇİ NAZİRDƏN PREZİDENTƏ ŞİKAYƏT ETDİ – ““BTR” MMC-nin rəhbərliyi bizə yeni sürpriz hazırladı…”

Xətai Telefon Qovşağında işdən azad edilən təcrübəli rabitəçilərin əvəzinə kimlər işə götürülür?

Təcrübəli və savadlı kadrların naşı və mütəxəssis olmayan birilərilə əvəz olunması halları bir çox qurumlar kimi, Rabitə, Nəqliyyat və İnformasiya Texnologiyaları Nazirliyində də müşahidə olunmaqdadır.

Prezident İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən, şikayətlərinin bir nüsxəsini də “AzPolitika”ya göndərən “Bakı Telefon Rabitəsi” MMC-nin Xətai Telefon Qovşağının işçiləri bildirirlər ki, müəssisənin rəhbərliyi 15 ildən 40 ilədək iş stajı ölan mütəxəssisləri “öz ərizəsilə” işdən azad olunmağa vadar edir.

BAKTELBu yolla yüzdən artıq işçini azad edən rəhbərlik öz xoşu ilə işindən ayrılmayan və müqavimət göstərənləri də ixtisar və digər bəhanələrlə işsiz qoymağa çalışır: “BTR” MMC-nin rəhbərliyi yeddi ay fikirləşdikdən sonra bizə yeni sürpriz hazırladı, hər birimizə ixtisara düşmək haqqında bildiriş göndərərək, 2 ay vaxt verdi. Rəhbərlik bu ixtisarı yeni strukturun təsdiqi ilə əlaqələndirir. Biz isə istəyirik ki, həmin strukturla tanış olaq və bizi də yeni strukturda olan şöbələrə yerləşdirsinlər”.
BİR QRUP RABİTƏÇİ NAZİRDƏN PREZİDENTƏ ŞİKAYƏT ETDİ – ““BTR” MMC-nin rəhbərliyi bizə yeni sürpriz hazırladı…”


Müxtəlif yüksək instansiyalara müraciət etməkdən yorulduqlarını bildirən şikayətçilər, nə “Bakı Telefon Rabitəsi” MMC-nin rəhbərliyi, nə də nazir Ramin Quluzadənin onları qəbul etmədiklərini söyləyirlər: “Bundan öncə “109” Məlumat Sorgu xidmətinin 46 xanım işçisi, 2018-ci ilin yanvar ayında isə qovşağın 120 əməkdaşı təzyiq altında ərizə yazaraq işdən azad olunublar. Halbuki, müəssisədə ad dəyişikliyi olduqda, müvafiq qanunvericiliyə görə, müqavilə, müəyyən şərtləri dəyişdirilərək, qüvvədə qalmalı idi”.
BİR QRUP RABİTƏÇİ NAZİRDƏN PREZİDENTƏ ŞİKAYƏT ETDİ – ““BTR” MMC-nin rəhbərliyi bizə yeni sürpriz hazırladı…”

İşsiz qalmaq təhlükəsilə üz-üzə olan rabitəçilər deyirlər ki, onlara təzyiq göstərən rəhbərlik, əvəzində təcrübəsiz və hətta ali savadı olmayan şəxsləri məmnuniyyətlə işə götürməkdədir. MMC və nazirlik rəhbərliyini Azərbaycan Respublikasi Konstitusiyasına, Əmək Məcəlləsinə hörmətsiz yanaşmaqda günahlandıran şikayətçilər ölkə başçısına və birinci vitse-prezidentə müraciət etməyə məcbur qaldıqlarını vurğulayırlar.
Onu da qeyd edək ki, Xətai və digər rayonların telefon qovşaqlarının haqları tapdanan işçiləri bundan öncə də mətbuat vasitəsilə düşdükləri durumu ictimaiyyətə çatdırıblar. Rabitəçilər ümid edirlər ki, budəfəki müraciətləri ölkə rəhbərliyi tərəfindən eşidiləcək və onların adi əmək hüquqları bərpa olunacaq.

Qeyd edək ki, müraciət aşağıdakı rabitəçilər tərəfindən göndərilib:
Süleymanova S.A – 2005-ci ildən mühəndis vəzifəsində işləyir;
Səfərova Ş.İ – 1998-ci ildən mütəxəssis vəzifəsində işləyir;
Məmmədova A. A. – 2010-cu ildən mütəxəssis vəzifəsində işləyir;
Bunyadova K.N. -1998-ci ildən mütəxəssis vəzifəsində işləyir;
Yarəhmədova R. – 1983-cü ildən mütəxəssis vəzifəsində işləyir;
Nağıyeva S.R – 1975-ci ildən şöbə rəisi işləyir ;
Əliyeva H.Q. – 1981-ci ildən mühəndis vəzifəsində işləyir;
Yunisova V.Z. – 2014-cü ildən mühəndis vəzifəsində işləyir.

Vaqif
AzPolitika.info