Eks-prezidentin qızı məhkəmədən əvvəl həbsə göndərildi

Perunun eks-prezidenti Alberto Fuximorinin qızı, “Xalq gücü” partiyasının lideri, prezidentliyə namizəd olmuş Keyko Fuximori məhkəmə qərarından əvvəl həbsxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, ölkənin ən güclü partiyası “Xalqın gücü”nün rəhbəri Keykonun həbsi barədə qərar ölkənin yerli radiostansiyasında canlı yayımlanıb. Bildirilir ki, xanım siyasətçi 36 ay kamerada saxlanılacaq. Hakim bəyan edib ki, prokurorluq daha əvvəl partiya liderinin həbsi ilə bağlı məhkəməyə sorğu göndərib. Onun versiyasına görə, çirkli pulların yuyulmasında ittiham edilən Fuximori azadlıqda qalaraq gizlənməyə cəhd edə və ya istintaqa mane ola bilərdi.

Qeyd edək ki, sabiq prezidentin qızı Braziliyanın “Odebrecht” tikinti kompaniyası vasitəsilə çirkli pulların yuyulmasında şübhəli bilinir. Müstəntiqlər güman edirlər ki, Keyko Fuximori və onun partiyası 2011-ci ildə baş tutan prezident seçkilərinin seçkiqabağı kampaniyasında sözügedən Braziliya şirkətindən aldıqları pullardan istifadə ediblər.