Rektor Ədalət Muradov dövlət başçısının siyasətinə də əməl etmir
Əsası 88 il öncə qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti yarandığı tarixdən bu günə kimi keşməkeşli yol keçib. Universitetin səsləfi olan institutlar ayrı-ayrı zamanlarda fərqli adlar daşısalar da, həmin institutların fəaliyyətinin dəfələrə dayandırılması, başqa universitetlərin idarəçiliyinə verilməsi də ənənəyə çevrilmişdi. Sonuncu dəfə 31 il öncə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adlanan təhsil müəssisəsinin fəaliyyəti dayandırılmış və onun əvəzinə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı yaradılmışdır. Həmin dövrdə bu ali təhsil müəssisəsinin ümumiyyətlə ləğvi belə gündəmdə olub. Ancaq Sovet İttifaqında dağılma prosesinin başlaması N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının Azərbaycan Dövlət İqtisad İnstitutuna çevrilməsi ilə nəticələndi. 18 il öncə isə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb -Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldı. Bütün bu dəyişikliklər, universitet rəhbərliyinin tez-tez dəyişdirilməsi ciddi nəticələr doğurmurdu. Doğrudur, iqtisad elmləri doktoru, professor Ədalət Muradov rektor təyin olunduqdan sonra müəyyən qədər yaxşılığa dogru dəyişiklik baş verib. Təhsilin keyfiyyəti yüksəlib, rüşvətxorluğun səviyyəsi kəskin azalıb. Universitet Azərbaycanda ilk dəfə olaraq professor-müəllim heyətini birbaşa elmi tədqiqatlara və tədrisə kökləyən, bir çox üstünlükləri ilə seçilən Differensial əməkhaqqı sistemini tətbiq edib. Bu çox mütərəqqi hadisə olsa da, həlledici məsələ deyil. Belə tədbirlərlə dünya səviyyəli universitet olmaq mümkün deyil. Dünya səviyyəli universitet olmaq üçün daha ciddi yeniliklərə ehtiyac var. Ali məktəb rektorlarının seçki yolu ilə seçilməsi bu istiqamətdə atılan addımlardan biri ola bilər. Müəyyən bir müddətə rektor seçilən şəxsilk ilk öncə dünya universitetlərinin akademik reytinq sıralamalarında yüksəlişə nail ola bilməsə, yenidən seçilə bilməz. Digər bir addım isə universitetlərin muxtariyyatının artırılması ola bilər. Bütün bunlarla yanaşı universitet rəhbərliyinin idarə etmə prinsipləri, dünyada baş verənlərə yanaşması tamamilə dəyişməlidir. Məsələn, bu gün dünyanın nüfuzlu universitetləri ətraf mühitin qorunmasının önəmini göstərmək üçün avtomobildən imtina edirlər. Avropanın əksər universitetlərinin rəhbərliyi də, professor müəllim heyyəti də cəmiyyətə nümunə olmağa, avtomobildən imtina edərək ətraf mühitə zərər vurmayan nəqliyyat vasitələrindən istifadəyə keçidi sürətləndirməyə çalışırlar.
Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi qarşısına dünya səviyyəli universitet olmağı hədəf kimi qoyduğunu bəyan edir, ancaq rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə tərəfindən səsləndirilən bu niyyətlə Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinin əməlinin üst-üstə düşdüyünü güman etmək olmur. Əksinə, dünyada gedən proseslər fonunda, yəni elm dünyasının ətraf mühiti qorumaq üçün avtomobildən imtina etmək nümunələri yaratdıqları bir zamanda Azərbaycan Dövlət İqtisad Universiteti “Toyota Abşeron Center” Məhdud Məsuliyyətli Cəmiyyətdən 4 ədəd Toyota Corolla Live avtomobili alıb. Bu məqsədlə isə 135 600 manat sərf olunub.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universiteti “Toyota Abşeron Center” MMC-dən 4 ədəd Toyota Corolla Live avtomobili alması dövlət başçısı İlham Əliyevin yerli istehsalı dəstəkləmək məqsədilə 15 sentyabr 2016-cı ildə imzaladığı “İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanın fəlsəfəsinə də ziddir. Ümumiyyətlə isə yerli istehsala üstünlük verilməsi ölkənin milli valyutasının güclənməsinə, pul vəsaitinin də artmasına və kapital axınına mane olur ki, Azərbaycan Dövlət İqtisad Universiteti 4 ədəd Toyota Corolla avtomobili almaqla bunun tam əksinə fəaliyyət göstərir. 4 ədəd yeni avtomobilin Azərbaycan Dövlət İqtisad Universitetinin nəyinə lazım olduğuna isə universitet rəhbərliyi aydınlıq gətirməlidir. İstənilən halda isə Azərbaycan Dövlət İqtisad Universitetinin bu mövqeyini anlamaq mümkün deyil. Mövzus ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinin də mövqeyini dinləməyə hazırıq. Büdcə vəsaitlərindən Azərbaycan Dövlət İqtisad Universitetində necə istifadə olunması ilə bağlı araşdırmalarımız isə davam edir.
“Yeni Sözçü” qəzeti