Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində bazar açıldığı, şöbənin müdiri Tünzalə Quliyevanın pulsuz sancı çəkən gələcəyin analarına baxmadığı haqda dəfələrlə yazılıb.
Cahan.info xatırladır ki, Bərdə RMX-nın baş həkimi Rəna Mustafayevanın bu şəraiti yaratdığı, T.Quliyevanın və şöbədəki həkimlərin pulsuz xidmət göstərmədiyi, ana-ölüm hallarının bu tibb ocağında artdığı işıqlandırılıb. Lakin nə ölçü götürülüb, nə nazirlik araşdırıb.
“Bu il noyabrın 21-də yoldaşım Şıxıyeva Lamiyə ciddi problemlə əlaqədar göndərişlə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə təcili tibbi yardım maşını ilə çatdırılıb”.
Bu sözləri isə Ağdamdan məcburi köçkün, Qasımbəyli qəsəbəsi ev 135-də yaşayan, I qrup hərbi xidmət əlili Şıxıyev Rövşən Əyyam oğlu dia.az-a məktubunda yazıb.
Onun sözlərinə görə, Bərdə Doğum Şöbəsinin həkim heyəti tərəfindən ona və ailəsinə qarşı qanunsuzluq, özbaşınalıq, tərbiyəsizlik edilib. I qrup əlil olan köçkün bildirib ki, ağır vəziyyətdə olan həyat yoldaşına yardım etməkdən imtina edilib.
Sitat: “Mənim I qrup əlil kimi xahişlərimə, hətta yalvarışlarıma baxmayaraq, xəstəmə baxmaqdan imtina etdilər. Bu həkimlərə küllü miqdarda pul lazımdır, kimin pulu varsa, ona xidmət edirlər.
Mənim kimi köməksiz vəziyyətdə olan I qrup hərbi xidmət əlilinə qarşı kobudluq və vəhşilik edirlər. Səhiyyə Nazirliyinin “qaynar xətt”inə şikayət etsəmdə, nəticəsi olmadı.
Xəstə gətirilərkən onun ancaq maddi imkanına görə yardım göstərilir. Kimin 1000-2000 manatı varsa xidmət edirlər. Bu nə vəziyyətdi?”
Cahan.info yazır ki, R.Şıxıyev dövlətin xəstəxanasının tam açıq bazar olduğunu bildirib:“Korrupsiya yuvasıdır. Bu çox dözülməz vəziyyətdi. Bu cinayətdi. Səhiyyə Nazirliyinin bütün bunlara nəzarət etməli olan orqanları hara baxır?
Ümumiyyətlə, Bərdə doğum evində dövlət adına heç nə mövcud deyil.Hazırda həyat yoldaşım Ağdam xəstəxanasındadır, üç azyaşlı uşaqlarım sahibsiz küçələrdə qalıb.
Dövlətin, imkanlı şəxslərin yardımına möhtac I qrup əliləm. Dövlətimiz ağır vəziyyətimdə mənə niyə sahib çıxıb, Bərdə Doğum evinin həkimləri barədə tədbir görmür?
Bərdə Doğum Evindəki bu biabırçılığa son qoyulması üçün təxirə salınmadan tədbirlər görülsün, günahkarlar cəzalandırılaraq tutduğu vəzifədən kənarlaşdırılaraq barələrində cinayət işi qaldırılması təmin edilsin.
Xahiş edirəm ki, mənim həyat yoldaşımın təcili olaraq Bakı şəhərindəki xəstəxanalardan birində müalicəsinə köməklik göstərəsiniz”.
Cahan.infomediaya istinadla xəbər verir ki, Doğum evinin baş həkimi Tünzalə Quliyeva “qeysəriyyə bazarı” açaraq “qaz vurub, qazan doldurur”.
Hər əməliyyatdan azı 500-700 manat xeyir götürən şöbə Bərdədə genofondu məhv etməklə məşğuldur.
Təbii doğuşun 300 manat olmasına görə, baş həkim ehtiyac oldu-olmadı hamilə qadınları aldadaraq qeysəriyyə əməliyyatına məcbur edir ki, 500-700 manat qoparsın.
Bu dəhşətli vəziyyətlə bağlı rayon sakinləri həyəcan təbili çalırlar. Bildirirlər ki, tezliklə Səhiyyə Nazirliyi Bərdənin Doğum Evində yoxlamalar aparmalıdır.
Bərdənin baş həkimi Rəna Mustafayevanın isə doğum şöbəsinin rəhbəri olan T.Quliyevaya qazanmağa yaxşı şərait yaradıb. Ona görə də rayonun baş həkimi “Leksus” markalı bahalı avtomobildə gəzir.
Çünki onun gəliri təkcə qeysəriyyə əməliyyatlarından aldığı faiz deyil, həm də dövlətin Bərdə Rayon Mərkəzi Xəstəxanasına hər ay ayırdığı 20 min manatlıq ərzağın dükanlarda satdırmasıdır.
Vaqif adlı şəxsin əli ilə bu işləri görən R.Mustafayeva dövlətin vəsaitini talan edir. Rayon sakinləri isə sosial şəbəkələrdə yazırlar ki, R.Mustafayeva xəstəxanada gestapo şəraiti yaradıb.
Şəkər xəstələrinə dərman vermir, pulsuz müayinə etmir, palatalarda xəstələrə yemək verilmir, ondan nazir Oqtay Şirəliyevə şikayət edəcəklərini deyəndə gülür. Deyir ki, “naziri tapsanız mənə də xəbər edin”.
Bərdə Rayon Mərkəzi Xəstəxanasında əlini cibinə salmayan xəstənin üzünə belə baxan yoxdur. Həkimlər onların "tələb"ləri ilə razılaşmayan pasiyentlərə yaxın getmirlər. Deyilənlərə görə, bu sistemi tətbiq edən məhz Rəna Mustafayevadır.
Rayon sakinləri bildirirlər ki, hazırda Bərdədə təxminən, 1400 nəfər güzəştli kateqoriyadan olan xəstə var. Lakin Rəna Mustafayevanın baş həkimi olduğu xəstəxanada heç bir vətəndaşa pulsuz dərman preparatları verilmir.