Cavid Qurbanov Latviyadan 5 qatar aldı, biri yolda “yoxa çıxdı”!

Beynəlxalq aləmdə Azərbaycan dövlətinin etibarını zədələyəcək, xarici şirkətlərin Bakı ilə ticari münasibətlərdə daha ehtiyatlı mövqe tutmasına səbəb olacaq qalmaqallı məhkəmə prosesi başlayıb. Yavarın 25-də Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsində Latviyanın “ALBUVE” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı iddiası üzrə hazırlıq iclası keçirilib. Şirkətin iddiasına eyni zamanda Latviya Arbitraj Məhkəməsində də baxılacaq. Bəs iddia nədən ibarətdir?

“AzPolitika.info” saytına verilən məlumatlardan və təqdim olunan sənədlərdən belə məlum olur ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə Latviyanın “ALBUVE” ASC şirkəti arasında 02.03.2015- ci il tarixdə 5 ədəd elektrik qatarının alınması barədə müqavilə imzalanıb. Ümumi dəyəri 4 669 500 avro (dörd milyon altı yüz altmış doqquz min) olan müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “ALBUVE” ASC-nin sədri Albert Uvarov imzalayıblar. Müqavilədə Latviya şirkəti Azərbaycan tərəfinə hər biri 4 vaqondan ibarət ER-2 seriyalı 5 elektrik qatarını 2015-ci ilin may ayının 31-nə qədər təhvil verməyi öhdəsinə götürüb. “Azərbaycan Dəmir Yolları” QSC-nin isə həmin qatarları təhvil alması və 15 il ərzində müvafiq qaydalara uyğun onların əsaslı təmirini həyata keçirməsi nəzərdə tutulub.

Bu müqavilənin sonradan tərəflər arasında niyə məhkəmə çəkişməsinə səbəb olduğuna keçməzdən əvvəl diqqətimizi cəlb edən maraqlı bir detalı qeyd etməyi lazım bilirik. Belə ki, Cavid Qurbanov Latviya şirkəti ilə bu müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə təyinat aldıqdan (9 fevral 2015-ci il) cəmi 3 həftə sonra imzalayıb.

Bu cür yüksək dəyərə malik bir müqavilənin belə qısa müddətdə hazırlanaraq imzalanması maraq doğurur. Əlbəttə, Cavid Qurbanovun təyin olunar-olunmaz dərhal işə başlamasını təqdir də etmək olar. Ancaq müqavilə bağlanarkən tələskənliyə yol verilməsinin sonradan bir sıra suallar və problemlər doğurduğunu da qeyd etməliyik.
Cavid Qurbanov Latviyadan 5 qatar aldı, biri yolda “yoxa çıxdı”!


Bunu bir müddət sonra ilkin müqavilədə əksini tapmayan məsələlərin həlli üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “ALBUVE” ASC-nin sədri Albert Uvarov arasında əlavə razılaşmaların imzalanması da təsdiqləyir. Məsələn, 370 700 avro dəyərində olan ikinci razılaşmada ilkin müqavilədə “yaddan çıxan” müddəalar əks olunub.

Belə ki, ilkin müqavilədə elektrik qatarlarının “Azərbaycan Dəmir Yolları” QSC-yə Riqada təhvil verilməsi nəzərdə tutulub ki, bu da görünür, müəyyən problemlər yaradıb. Hər halda 01 oktyabr 2015-ci il tarixdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “ALBUVE” ASC-nin sədri Albert Uvarov arasında imzalanan 370 700 avroluq əlavə razılaşmada 5 qatarın Azərbaycana nəql edilməsi (104 500 avro müqabilində), həmin qatarlarda radiostansiyaların quraşdırılması (57 200 avro müqabilində) və 3301 saylı qatarın 2 baş vaqonun modernləşdirilməsi (209 000 avro müqabilində) nəzərdə tutulub. Müqavilənin müddəti isə 2015-ci ilin dekabr ayının 31-ə qədər uzadılıb.
Cavid Qurbanov Latviyadan 5 qatar aldı, biri yolda “yoxa çıxdı”!

Ancaq maraqlıdır ki, müqavilənin üzərindən 3 il keçdikdən sonra tərəflər arasında məhkəməyə qədər gedib çıxan mübahisə yaranıb.

“AzPolitika.info” saytına daxil olan məlumata görə, Latviyanın “ALBUVE” ASC şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-ni müqavilənin şərtlərini yerinə yetirmədiyini əsas göstərərək məhkəməyə verib – həm Bakıda, həm də Latviyada.

Şirkət bütün elektrik qatarlarını təqdim etməsinə, bununla bağlı iki tərəfin təmsilçiləri arasında elektrik qatarlarının təhvil-təsliminə dair Akt tərtib edilməsinə baxmayaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin müqavilədə nəzərdə tutulan vəsaiti tam ödəmədiyini, 522 000 avro borclu qaldığını iddia edir. Buna görə də məhkəmədə “Azərbaycan Dəmir Yolları” QSC-nin hesabından 522 000 avro tutularaq “ALBUVE” ASC-yə ödənilməsi barədə iddia qaldırıb. İddiasında, həmçinin bu vəsait ödənilənə qədər “Azərbaycan Dəmir Yolları” QSC- nin 522 000 avro dəyərində əmlakına həbs qoyulması tələbi əksini tapıb.

“AzPolitika.info” saytına verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC borclu qaldığı 522 000 avro vəsaiti ödəməməsinin səbəbi kimi “ALBUVE” ASC-nin elektrik qatarlarından birini təhvil verməməsini göstərir.

Ancaq şirkətin təmsilçiləri bunun həqiqətə uyğun olmadığını iddia edirlər. Bildirirlər ki, əvvalaortada təhvil-təslim Aktı var.

İkincisi, elektrik qatarının birinin qiyməti təxminən 934 min avroya bərabərdir. “Azərbaycan Dəmir Yolları” QSC-nin Latviyanın “ALBUVE” ASC şirkətinə isə cəmi 522 000 avro borcu qalıb. Əgər Latviya şirkəti elektrik qatarlarından birini təhvil verməyibsə niyə ona əlavə 412000 avro ödənilib?

Üçüncüsü və ən əsası, Latviya şirkəti əgər doğrudan da elektrik qatarlarından birin təhvil verməyibsə, niyə “Azərbaycan Dəmir Yolları” QSC ötən 3 il ərzində “ALBUVE” ASC-ni məhkəməyə verməyib?

Eyni zamanda Latviya şirkəti elektrik qatarlarından birini təhvil verməyibsə, təhvil-təslim Aktı “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri tərəfindən nəyə görə imzalanıb?
Cavid Qurbanov Latviyadan 5 qatar aldı, biri yolda “yoxa çıxdı”!


Beləliklə, nə qədər təəccüblü olsa da, belə çıxır ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Latviyadan aldığı 5 elektrik qatarından biri yoxa çıxıb. Baxmayaraq ki, Azərbaycan dövləti bu qatarların pulunu son qəpiyinədək ödəyib! Lakin təxminən 2 milyon manat dəyərində olan bir qatar ortada yoxdur və Latviya Şirkətinə də 1 milyon manatlıq borc yaranıb.

“Latviya şirkətinə ödənilməli olan pulun Gürcüstan üzərindən bir Avropa ölkəsinə – Avstriyaya ötürüldüyünə dair çox ciddi şübhələr var”, – mənbə həmçinin bildirib.

Bu şübhənin hansı məlumat və faktlara əsaslandığı haqda daha sonra. Hələlik diqqəti “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı şok iddia əsasında başlayan məhkəmə proseslərinə yönəltmək niyyətindəyik.

İlk iclas fevralın 5-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Səbinə Nuriyevanın sədrliyi ilə baş tutmalıdır.

Qeyd edək ki, mövzu ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə ünvanladığımız yazılı sorğuya hələ ki, cavab verilməyib. QSC-nin mövqeyi əlavə olunacaq.

AzBaku.org

Cavid Qurbanov Latviyadan 5 qatar aldı, biri yolda “yoxa çıxdı”!
Cavid Qurbanov Latviyadan 5 qatar aldı, biri yolda “yoxa çıxdı”!