Prezidentin islahatlarına laqeyd deputatlar kimlərdir? – Özəl siyahı

Azərbaycanda prezident İlham Əliyevin yanvardan başlatdığı siyasi-iqtisadi formasiya dəyişikliyi ölkəyə yeni nəfəs gətirsə də, bədnam qüvvələrin reformaları tormozlamaq ssenarilərini işə saldığını görməmək üçün gərək kor olasan.


Hakimiyyət daxilindəki anti-islahatçılar, rüşvət və bürokratiyanın onların vəzifədəki ömürlərinin uzadılmasına xidmət etdiyini bilənlər İ.Əliyevin yeni idarəçilik modelinə qarşı var gücüylə səfərbər olublar.

Reportyor.info-nun verdiyi məlumata görə, bu korpusda bəzi nazirlər, müavinləri, onların himayəsindəki deputatlar iştirak edirlər. Onlar Novruz bayramından sonra gündəmi qeyri-islahat mövzuları ilə dəyişməyə, baş qatmağa çalışırlar.

Hakimiyyətə sədaqətsizlik göstərən həmin qruplar, eləcə də deputatlar prezidentə dəstək prosesinə qoşulmurlar. Onların bu laqeydliyini, iqtidar rəhbərliyinin islahatlarına reaksiya verməməsini siyasi xəyanət kimi qiymətləndirənlər var.

Bu iqtidarın çörəyini yeyən, onun sayəsində mandat qazanan, illərlə biznesinin toxunulmazlığını təmin edən deputatlar nə İ.Əliyevin fəaliyyətini təqdir edirlər, nə ona köməklik göstərirlər, nə də prezident kimi xalqla, seçicilərlə görüşlərə gedirlər.

Diqqət edin, parlamentdə hər gün müsahibələr verən aktiv millət vəkilləri yalnız prezidentin siyasətinin yanındadırlar. Onlar Fəzail Ağamalı, Qənirə Paşayeva, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Vahid Əhmədov, Fazil Mustafa və digərləridirlər.

Görəsən, Elmar Vəliyevin deputat təyin etdiyi Naqif Həmzəyev, un satan biznesmen mandat sahibi Əsabil Qasımov, siqaret alverçisi Rüfət Quliyev, həmçinin Madər Musayev, Ağalar Vəliyev, Mahir Aslanov, Rüstəm Xəlilov nə vaxt ağızlarını bir dəfə açıb hökumətin, dövlətin apardığı işlərdən danışacaqlar? Sanki bu adamlar susmaq üçün parlamentə seçiliblər.

Cəmi bir il sonra parlament seçkisi gəlir və son 4 ildə “ağzına su alıb oturan” həmin deputatlar heç olmasa prezidentin qapıdan-qapıya siyasi kursuna dəstək versinlər.

Bu illər ərzində Ülvi Quliyevin, Aytən Mustafayevanın, Elşad Həsənovun və digərlərinin nə anti-Azərbaycan şəbəkələrinə cavabını gördük, nə xaricdəki söyüş müxalifətinə qarşı çıxışlarını oxuduq, nə prezidentə qarşı qarayaxma kampaniyası aparanların cavabını verdiklərini eşitdik.

Həmçinin də, yanvardan bəri aparılan yeni siyasət və “ağ inqilab” adlanan dəyişikliklərlə bağlı deputatlar “tükünü tərpədir”lər.

Dilarə Cəbrayılovaya, Pərvin Kərimzadəyə, Hacı Salayevə, Eldəniz Səlimova, İmamverdi İsmayılova mandat nə üçün verilib? Yəqin ki, oxuculara bu adlar heç tanış deyil, onlar ilk dəfə bu deputatların adlarını oxuyurlar. Təsəvvür edirsinizmi, əhali deputatların çoxunu tanımır.

Çünki passiv fəaliyyət göstərirlər, parlament iclaslarına getmirlər, gedəndə telefonla oynayırlar, qanun layihələrindən xəbərləri belə olmur, səsverməyə qoyulanda ənənəvi olaraq “hə” düyməsini basaraq yola verirlər. Belə deputatdan nə seçicisi, nə cəmiyyət, nə də dövlət xeyir görə bilər.

Odur ki, həmin deputatların da, onlardan geri qalmayan bəzi nazirlərin də, habelə icra başçılarının da prezidentin yanında olmaması, dəstək verməməsi, İ.Əliyevin gördüyü işlərdən danışmaması başadüşüləndir.

Belə deputatlar, məmurlar prezidentə lazım deyil, komandada onlara yer yoxdur. Fikir verin, indiyə qədər Ağstafa, Lənkəran, Saatlı, Salyan, habelə Bakının Nizami, Qaradağ, Nərimanov, Nəsimi və s. onlarla belə rayonun icra başçıları çıxışlarında prezidentin apardığı islahatlardan danışmayıblar, ona köməklik göstərmək üçün xalqla görüşləri intensivləşdirməyiblər, problemlərin həllində hansısa köklü dəyişikliklər həyata keçirməyiblər.

Bu gerçəkliklər bir dərs çıxardı ki, prezident kimlərlə işləmək lazım olduğunu götür-qoy eləsin, çevik, enerjili, operativ məmur bankı necə təşkil olunsun, kadr bazasına fundamental şəkildə baxılsın, müasir, texnologiyadan xəbərdar, əli qırışlı olmayan, kabinetdən çıxan, xalqla təmas saxlayan gənc məmurlardan ibarət komanda formalaşdırsın, eləcə də parlament seçkilərinə hakim partiyadan cavanların namizədliyi irəli sürülsün, çağdaş, modern bir idarəçilik sistemi inkişaf etdirilsin. Zaman, yeni nəsil, qloballaşma, dövrün tələbləri bunu deməyə əsas verir.

Artıq Azərbaycanı Avropa Şurasında xarici dil bilən, ölkənin mövqeyini müdafiə etməyi bacaran gənc deputatlar təmsil etməlidir, başı pul qazanmağa qarışan alverçilər parlamentdən uzaqlaşdırılmalıdır, işi obyektlərdən pul yığmaq və büdcə pullarını yalnız mərkəzi küçəyə mərmər döşədib, muzey tikmək, qalanını mənimsəmək olan icra başçıları tamamilə yerli idarəetmə strukturlarından təmizlənməlidirlər.

Ölkə başçısının kadr islahatlarının aparılacağı barədə verdiyi bəyanatlar, hökumət rəsmilərinin çıxışları da yazdıqlarımızı təsdiqləyir və prosesin davam edəcəyini göstərir.