Ölkə mətbuatı son vaxtlar Şəmkir rayonundakı narazılıqlardan, İcra Hakimiyyətinin problemlərə biganəliyindən yazır.
Rəsmi məlumatlara görə, bəzi rayonlardan Prezident Administrasiyasına (PA) daxil olan şikayətlər artıb ki, bu sırada Şəmkirin də adını qeyd etmək olar.
AzBaku.org Modern.az -a istinadla xəbər verir ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin bu ilin əvvəlində açıqladığı faktlar Şəmkirdə nöqsanların kifayət qədər olduğunu göstərir.
“Şikayətlərin təhlili göstərir ki, bunlar əsasən biganəliyin, süründürməçiliyin nəticəsidir və vətəndaşların yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldıqda, onlar, təbiidir ki, yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına müraciət etməli olurlar”,-deyə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin 2018-ci illə bağlı təhlil məqaləsində vurğulanıb.
Rəsmi məlumatda bir sıra rayonlarla bərabər, Şəmkirdən də Prezident Administrasiyasına daxil olan şikayətlərin müxtəlif sahələri əhatə etdiyi göstərilir.
Prokurorluq orqanlarının, polisin fəaliyyətinə dair daxil olan müraciətlərin sayı digər bölgələrlə müqayisədə Şəmkirdə nisbətən çox olub.
Ötən il Prezident Administrasiyasının Qəbul otağına 15 minədək vətəndaş müraciət edib.Qəbul otağına ən çox gələnlər arasında Şəmkir rayonunun sakinləri də olub.
Vətəndaşlar Qəbul otağına daha çox sosial müdafiə, işlə təmin olunma, əmək mübahisələri, hüquq mühafizə və məhkəmə orqanlarının, rayon icra hakimiyyətinin, bələdiyyələrin, yerli idarə, müəssisə və təşkilatların fəaliyyəti
və sair məsələlər barədə müraciət ediblər.
Vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə 2018-ci ildə Şəmkir rayon İcra Hakimiyyətinə bəzi təklif və tövsiyələr verilib.
“Vətəndaşların müraciətlərinin təhlili, onların yaranma səbəblərinin öyrənilməsi bir danılmaz həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyada əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək müxtəlif idarələrin qapısını döyməz. Unutmaq olmaz ki, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması hər bir dövlət qurumunun ən mühüm vəzifələrindən biridir.
Lakin vətəndaşlara əsaslı cavab verilməyəndə onlar öz problemlərini həll etmək üçün aidiyyəti qurumlara növbəti müraciət göndərir ki, bu da təkrar və çoxsaylı müraciətlərin yaranmasına səbəb olur” – Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məlumatında bildirilib.
Rəsmi məlumatda təkrar müraciətlərin çoxaldığı rayonlar arasında da Şəmkirin adı qeyd edilib.
PA Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi: “Araşdırmalar göstərir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına edilən təkrar müraciətlərin bir qismi laqeydliyin, biganə münasibətin nəticəsidirsə, xeyli hissəsi də subyektiv səbəblərdən yaranır”.
Qeyd etdiyimiz faktlar belə deməyə əsas veriri ki, Şəmkir rayon İcra Hakimiyyətinin adı son vaxtlar mediada heç də müsbət fon yaratmır.
Bu rayondakı korrupsiya faktları digər rəsmi qurumun hesabatında da qeyd edilib.
Belə ki, Hesablama Palatasının açıqladığı son auditlərin nəticərlənə görə, İcra Hakimiyyətinin nəzarətində olan Şəmkir Rayon Mərkəzi Xəstəxanası əmək haqlarının hesablanması və ödənilməsi zamanı bir sıra normativ hüquqi sənədlərin tələbləri gözlənilməyərək tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, gecə vaxtı yerinə yetirilən işə görə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əlavənin tarif maaşı əvəzinə əmək haqqına tətbiq edilməsi nəticəsində artıq əmək haqqı ödənilib. Bir sıra işçilər işdə olduqları halda onların adına bir ildə 2-3 dəfə məzuniyyət rəsmiləşdirilərək əmək haqqı və eyni zamanda məzuniyyət pulu ödənilib, qismən ödənişli sosial məzuniyyətdə olan bir sıra işçilərə sosial məzuniyyətdə olduqları dövrdə əmək haqqı hesablanıb, bayram günlərində iş saatları az olan və ya iş saatı olmayan işçilərə bayram günlərində yerinə yetirilmiş iş adı ilə artıq əmək haqqı ödənilib, müvəqqəti əmək qabiliyyətini itirən bir sıra işçilərə xəstəlik müavinəti hesablanmasına baxmayaraq, həmin işçilərə eyni dövr üçün əmək haqqı, 1 günə düşən orta əmək haqqı məbləğinin düzgün müəyyən edilməməsi nəticəsində artıq məzuniyyət haqqı ödənilib, bir sıra işçilərə hesablanmış əmək haqları məbləğləri azaldılaraq digər işcilərin kart hesablarına köçürülüb.
Şəmkir Rayon Mərkəzi xəstəxanası tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq maliyyə vəziyyəti barədə sənədlərin və tender təklifinin təminatının alınmamasına görə müvafiq materiallar, eləcə də əmək haqlarının hesablanılması və ödənilməsi sahəsində baş vermiş ciddi maliyyə pozuntuları barədə aşkar edilmiş hüquq pozuntuları üzrə müvafiq materiallar qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Media Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının hazırda Şəmkirdə araşdırmalar apardığını da yazır.
Afn.az-ın məlumatına görə, aprelin 2-də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində 1 ildən artıq müddətdə 70 fəhlənin əmək haqqını mənimsəyən Şəmkir rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyev saxlanılıb. Aparılan araşdırmalar zamanı T.Hacıyevin iş yerində və evində 70 ədəd maaş kartı aşkarlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonuna “DOST” mərkəzi xətti ilə 500 nəfərin işlə təminatını həyata keçirir. Həmin işçilər Rayon Kommunal Təsərrüfat Birliyinin (RKTB) xətti ilə işə götürülürlər. Rəis Teymur Hacıyev 500 nəfərdən 70 nəfərinin maaş kartını özündə saxlayıb. Adları işçi kimi qeydiyyata alınsa da, faktiki olaraq həmin işçilər işə çıxmayıblar. Onların adına maaş kartları açılıb, hər ay ora 170 manat məvacib köçürülüb. Teymur Hacıyev hər ay həmin pulları çıxarıb. Ayda 12 min manat civarında pul mənimsənilib. Son 6 ay ərzində Teymur Hacıyevin 70 min manata yaxın vəsaiti ancaq maaş kartları vasitəsilə mənimsədiyi haqda məlumatlar var. Bundan başqa, Teymur Hacıyevin işdə olan fəhlələrə qarşı da qanunsuzluqlara yol verdiyi bildirilir. Qeyd olunur ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyatı keçirməsinə səbəb işçilərin Teymur Hacıyevdən şikayət etmələri olub. Belə ki, işçilər hüquq-mühafizə orqanlarına yazdıqları şikayətlərdə Teymur Hacıyevin onlardan qanunsuz olaraq hər ay maaşlarından pul verməyə məcbur etdiyini, hər xırda məsələyə görə onlardan pul tələb etdiyini yazıblar.
Teymur Hacıyevin ifşa edilməsindən Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, RKTB-nin fəaliyyətinə nəzarət etməli olan icra başçısının 1-ci müavini Qüdrət Əliyev təlaş keçiriblər. Alimpaşa Məmmədovun Qüdrət Əliyevin əlaqələrindən istifadə etməklə Teymur Hacıyevin xilas edilməsi üçün minnətçi düşməsi, bir neçə ünvandan xahişçi olması haqda da xəbərlər var.
Görünən odur ki, vətəndaşların problemlərinin həllinə cavabdeh olan bəzi dövlət qurumları təkmil idarəçiliyin zəmanətçiləri kimi fəaliyyət göstərə bilmirlər. Elə Şəmkirdə olduğu kimi. Zəif işləyən dövlət institutları ucbatından yığılıb qalan, həll olunmamış sosial problemlər və haqsızlıqlar əhalinin narazılığaına səbəb olur və vətəndaş ümid yerini yalnız Prezidentə bağlayır.
“Hər il olduğu kimi 2019-cu ildə də Şəmkir rayonunun büdcəsi şəffaf istiqamətləndiriləcək”.
Bu pafoslu sözlərin müəllifi Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdur. O Alimpaşa Məmmədov ki, hələ Fazil Məmmədov vergilər naziri olanda onun himayəsinə sığınmışdı.
Qeyd olunur ki, Alimpaşa Məmmədovun özünəvurğunluğu o həddə çatıb ki, vətəndaş qəbulları ilə bağlı məlumatlarda öz adını ölkə başçısının adı ilə yanaşı çəkilməsi göstərişlərini verib.
Şəmkir əhalisinin icra başçısından narazılıqları olduğu halda, onların adından özünə təşəkkürlər yağıdırması deyilənlərin əyani sübutudur.
Şəmkir rayon İcra Hakimiyyətinin saytındakı vətəndaş qəbulu ilə bağlı yazıdan sitat:
“Qəbula gələn sakinlər Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova minnətdarlıq ediblər.
Seyfəli kənd sakini 87 yaşlı Qasımov Qasım Qurban oğlu səmimi qəbula görə şəmkirlilər adından Alimpaşa Məmmədova təşəkkürünü bildirib: “Sizin şəmkirlilərə belə sevginiz, Şəmkirdə gördüyünüz gözəl işlər, xoş əməllər bizlərə dövlətimizin, Prezidentimizin qayğısını hiss etdirir”.
Sonda onu qeyd etmək vacib dir ki, əhalinin güzəranın yaxşlaşmasına mane olan və daha çox narazılıq yaradan amillərin aradan qaldırılması bu günün ən aktual məsələlərindən birdir.
Ölkədə yeni islahatlar, struktur dəyişikliyi, kadr yenilənməsi həyata keçirlir. Artıq bu ilin əvvəlindən yeni siyasətin konturları görünməyə başlayıb.
İstisna deyil ki, son vaxtlar mərkəzdə aparılan struktur islahatları regionlarda da ciddi kadr islahatları ilə müşayiət olunacaq. Ona görə də islahatlar dərinləşdikcə, oturduğu kreslodan sərvət toplamaq üçün istifadə edən, köhnə idarəçilikdən əl çəkə bilməyən, ölkənin tərəqqisinin buxovuna çevrilən vəzifəli şəxslərə yeniləşən sistemdə yer olmayacaq.