VDM-lərin açılmasının gecikmə səbəbləri…
Paytaxt Bakıda valyutadəyişmə məntəqələrinin yenidən açılması üçün qanunverici aktlar qəbul olunub, müvafiq qərarlar verilib. Son olaraq Parlament “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini qəbul edib. Bu dəyişikliklə valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi proseduru sadələşib.
Artıq maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti razılaşdırmalı deyil. Hazırda “Exchange”lərin fəaliyyətinin qarşısında heç bir əngəl yoxdur. Lakin yenə də paytaxtda valyutadəyişmə məntəqələri gözə dəymir. Qarşıdan isə yay gəlir, turizm mövsümü başlayır. Valyutadəyişmə ilə bağlı problem yenə də özünü göstərəcək.
Bəs görəsən, VDM-lərin bərpa edilməməsinin səbəbi nədir?
“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran Mili Məclisin deputatı Tahir Mirkişili bildirdi ki, valyutadəyişmə məntəqələrinin açılması ilə bağlı qanunvericilikdə hər hansı maneə yoxdur: “Ancaq VDM-lərin açıılması ilə bağlı qərarı birbaşa Maliyyə Bazarlarına Nəzarət Palatası verməlidir”.
Deputatın sözlərinə görə, belə fikir də var ki, “Exchange” açan sahibkarlardan 50 min manat depozit tələb olunması da onları bu işdən çəkindirir: “Ancaq bu yalnız icra orqanlarınının təhlili nəticəsində ortaya çıxa bilər ki, ”Exchange”lərin açılıb-açılmaması ilə bağlı hansı baryerlər var”.
Turizm mövsümündə “Exchange”lərə tələbatın artacağı ilə bağlı rəylərə gəlincə, Tahir Mirkişili turistlərin daha çox kartla ödəniş etməyə üstünlük verdiklərini bildirdi: “Artıq Azərbaycanda nağdsız ödəmə infrastrukturu kifayət qədər inkişaf edib. Ancaq turistlərdən bir qisminin nağd ödəniş etdiyini də nəzərə alsaq, ”Exchange”lərin bərpası və lazımi yerlədə açılması turizmin inkişafına, gəlirlərin artmasına səbəb ola bilər”.
Hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “Exchange”lərin açılması ilə bağlı qanunvericilik baxımından hər hansı problem qalmayıb: “Məsələ, sadəcə tələbatla bağlıdır. İndi istənilən bank və bank filialı bu xidməti göstərir, valyutadəyişmə əməliyyatı aparırlar. Digər bir səbəb ”Exchange” açılması ilə bağlı tələbin yüksək olmasıdır. Bunu etmək istəyən sahibkar ilk növbədə 50 min manat depozit qoymalıdır, bu pul daim bankda qalmalıdır. Sahibkar üçün isə pulu banka qoyub, onu ölü pul kimi saxlamaq arzuolunmazdır. İri sahibkarlar üçün 50 min manat böyük pul deyil, sadəcə, onlar bu fəaliyyət növü ilə məşğul olmaq istəməzlər, onlar üçün çox kiçik bir iş sayılır. “Exchange” fəaliyyəti ilə orta və kiçik sahibkarlar məşğul olur ki, onların da əksəriyyəti 50 min manat pulu ölü pul kimi bankda saxlamağa razı olmaz. Xüsusən də tələbatın güclü olmadığı indiki vaxtda”.
Hüquqşünas hesab edir ki, 50 min manat depozitin qoyulması haqlı tələbdir: “Qanun qəbul olunarkən bəzi deputatlar onun əleyhinə çıxdılar. Lakin mən hesab edirəm ki, bu depozitin olması vacibdir. Çünki vətəndaş gedib bankda pul dəyişərkən aldadılarda, məsələn ona saxta pul verilərsə bankdan haqqını tələb edə bilər. Lakin ”Exchange” sahibi vətəndaşı aldadıb qaçıb ardan çıxa bilər. Bu mənada depozit həm də vətəndaşları sığortalayır”.
Ə.Həsənovun sözlərinə görə, digər tərəfdən, tələbat da azdır: “Bu gün bütün iri və orta ticarət mərkəzi və ictimai-iaşə müəssisələrində post-terminallar var, turistlərin də əksəriyyəti kart vasitəsilə ödəniş edir. Ancaq bəzən bizim sahibkarlara post-terminallar sərf eləmir, çünki bu zaman dövriyyəni vergidən gizlədə bilmirlər. Ona görə də, post-terminalın işləmədiyini deyib nağd pul istəyirlər. Ancaq ümumilikdə kartla ödəniş çox yerdə mümkündür. Digər tərəfdən, həftə içi hər gün, gün ərzində saat 17:00-a kimi bank və bank filialları açıq olub, valyutadəyişmə əməliyyatları aparılır. Xarici turistlər vəsaitlərini orada dəyişə bilər. Həmçinin bəzi bank filialları şənbə və bazar günləri də saat 18:00-dan sonra fəaliyyət göstərirlər. Bakı elə də böyük şəhər deyil, turist yarım saat ərzində istədiyi bank filialını tapıb valyutadəyişmə əməliyyatını həyata keçirə bilər”.
İqtisadçı onu da vurğuladı ki, hazırkı şərtlər daxilində “Exchange”lər artıq banklarla əvvəlki kimi rəqabət apara bilməzlər: “Əvvəllər ”Exchange”lər daha çox idi, həm də 50 min manat depozit tələbi yox idi. Səbəb odur ki, o zaman Mərkəzi Bankın banklar qarşısında marja tələbi 2 faiz idi, yəni bankların valyuta alqı-satqı Mərkəzi Bankın təyin etdiyi məzənnədən iki faiz az və ya çox ola bilərdi. “Exchange”lər də real olaraq banklara məxsus idi. “Exchange”lər müstəqil qurum kimi marja tələblərini poza bilirdilər, çünki onlara nəzarət etmək mümkün deyildi. Banklar “Exchange”lər yolu ilə valyutanı istədikləri qiymətə sataraq yaxşı qazanırdılar. Bu gün marja tələbi yoxdur, banklar valyutanı istədikləri qiymətə satırlar, qazana bilirlər. Bu baxımdan “Exchange”lər artıq banklarla əvvəlki kimi rəqabət apara bilməz”.