Bir müddət öncə Xətai Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsindən istiefa verən Azərbaycan Respublikası Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərovun qardaşı Əli Əsgərovun istefa səbəbləri olduqca maraqlı açıqlama ilə yadda qaldı. “Təsadüfən Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsinə təyinat almışdım. Hesab edirəm ki, komissiyanın işi işləniləsi deyil, nifrət olunmalı bir sistemdir.” Normalda Ə.Əsgərovun işlətdiyi cümlə bir mənalı başa düşülən deyildi. Lakin istər ictimai rəy, istərsə də media bu məsələnin üstündən kiçik zamanda keçdi.
Ötən gün Conflict.az-a İmişlidəki mənbədən daxil olan məlumat yenidən diqqəti Əli Əsgərovun üzərinə yönəldir. Məlumatda iddia edilir ki, Əli Əsgərovun himayə etdiyi İmişli rayon Qaravəlli kənd sakini Mahmudov Hilal Ərəstun oğlu ölkə Prezidentinin şəxsi təşəbbüsü ilə inşa edilən İmişli “Asan” xidməti binasının yaxınlığında ictimai-iaşə obyekti, sadə dillə desək restoran tikdirib. Ola bilsin ki, dəyərli oxucular sual verə bilərlər ki, əcaba burada qəribə nə var? Düzdür məlumat özlüyündə qəribəliklə müşayət edilmir. Lakin məsələnin maraqlı tərəfi həmin restoranın inşasına etiraz edən 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsidir. Belə ki, 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi Bakı şəhərində yaşayan, İmişli rayon Qarəvəlli kənd sakini Mahmudov Hilal Ərəstun oğlu tərəfindən tikilmiş ictimai-iaşə obyektinin meşə fonduna aid ərazidə inşa olunması haqqına rəy verib. Daha sonra isə məsələnin hüquqi araşdırılması üçün məhkəməyə müraciət olunub. Xatırladaq ki, 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin həmin məsələ ilə bağlı yazdığı rəyin bir surəti də Conflict.az-ın redaksiyasındadır. Məsələnin bəs başlıqda qeyd olunduğu kimi faciəyə səbəb olacaq tərəfi nədir? Hilal Mahmudov tərəfindən inşa etdirilmiş restorana olduqca yaxın məsafədə uzun illərdir ki, yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. O da məlumdur ki, restoranın manqal yeməklərinin bişirildiyi ərazidən yanacaqdoldurma məntəqəsnin yanacaq çənlərinə düşə biləcək hər hansı qığılcım ciddi faciəyə səbəb ola bilər. 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi N.Bəşirovun 05.01.2016-cı il tarixdə imzaladığı rəyin alt yapısı da məhz budur.
Bir neçə gün öncə paytaxtın 8-ci km adlanan ərazisində, “Diqlas” ticarət mərkəzində baş vermiş güclü yanğın xoşbəxtlikdən insan ölümünə səbəb olmadı. Lakin bu məsələni İmişlidəki restoranla bağlı baş verəcək hər hansı hadisə ilə əlaqədar söyləmək mümkün deyil. Əvvəla ona görə ki, ərazidə içərisində on tonlarla benzin olan çənlər mövcuddur. Bunun nə demək olduğunu normal düşüncə sahibi olan hər kəs dərk edir. Məsələ bununla da bitmir. Həmin restoranın yerləşdiyi ərazidən “Azərişıq”ın yüksək gərginlikli elektrik xətləri də keçir. Ən ciddi təəccüb yaradan məqam isə Əli Əsgərov tərəfindən himayə edildiyi iddia olunan Hilal Mahmudovun tapşırığı ilə həmin yüksək gərginlikli elektrik xətlərinin belə yerləri dəyişdirilərək yanacaqdoldurma məntəqəsinin üstündən keçirilməsi planlaşdırılır.
Deməli təhlükənin miqyası aidiyyatı dövlət qurumu tərəfindən daha da böyüdülür. Lakin Əli Əsgərovun himayə etdiyi iddia edilən şəxslər unudurlar ki, elə cənab Əsgərovun uzun müddət çalışdığı Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin hətta boş yancq çəni təmizlənərkən fəhlənin ehtiyatsızlığı nəticəsində bir nəfərin ölümünə səbəb olan partlayış baş vermişdi. Onu da nəzərə alsaq ki, ölkə Prezidentinin təşəbbüsü ilə inşa edilmiş İmişli “Asan xidmət” mərkəzinin bir addımlığında bu hadisələr baş verə bilər. O zaman həmin hadisənin hansı faciə ilə nəticələnəcəyini düşünmək isə...
Məsələyə daha başqa aspektdən yanaşaq. Bilirik ki, Mərkəzi Aran bölgəsi olan İmişli relyefinə görə yarımsəhra ərazidir. Bu rayonda yetişdirilən bir ağacın əmələ gəlməsi üçün min bir zəhmət tələb olunur. Axı yaşıllıqların artırılması ölkə Prezidentinin regional siyasətinin prioritet məsələsidir. Bəs elə isə aidiyyatı orqanlar nədən bir şəxsin meşə fondunu məhv etməsinə göz yumur? Əli Əsgərovun Hilal Mahmudovu hətta himayə etməsi təsdiq olunsa belə, bu qanundan üstün göstərici deyil. Axı indi Mrzə Cəlilin zamanı deyil cənablar. “Həzrəti Abbas haqqı mən Həsən ağanın qohumuyam” söylənilməsi, o zaman belə vicdanlı mirzə Səfəri ədaləti pozmağa məcbur etmədisə, bəs XXI əsrdə, qanunların alilyinin qorunduğu bir şəraitdə nədən bir şəxsin iaradəsi və ya “nəyi” hər şeyi həll edir? Bəs FHN və İmişli rayon İcra Hakimiyyəti hara baxır?
(Conflict.az-)
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.