NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-Naxçıvan-Bakı avtobus marşrutundan istifadə indi daha asan olub. Gömrük nəzarəti sadələşdirilib, yola sərf edilən vaxt azalıb.
Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında bütün sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri gömrük münasibətlərinin də inkişafına şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və İran İslam Respublikasına səfərləri zamanı əldə olunan razılığa əsasən Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarəti sadələşdirilib. Belə ki, sərhədkeçmə prosesi zamanı tətbiq edilən gömrük nəzarəti yoxlamalarının azaldılması ilə sərnişinlərin mənzil başına daha tez çatması təmin edilib.
Buna qədər isə Bakı-Naxçıvan-Bakı avtobus marşrutundan istifadə edənlər müəyyən çətinliklərlə üzləşirdilər. Sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçirilir, əl yükləri dəfələrlə yoxlanılırdı. Sərnişinlər gömrükləri keçərkən baqajlarını özləriylə bərabər daşımalı olurdular. Bu da vaxt itkisi ilə yanaşı, sərnişinlər üçün yorucu və narahat vəziyyət yaradırdı.
İndi Azərbaycan tərəfdə gömrük nəzarətindən keçirilən avtobuslar sərnişinlərə aid yüklərə birka vurulduqdan və baqaj yerləri gömrük təminatları ilə eyniləşdirildikdən sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma əsasən, Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verdiyi üçün əlavə gömrük yoxlaması keçirilmir. Beləliklə, İran ərazisinə daxil olan avtobusun gömrük postlarından sürətli keçidi təmin olunur. Bu vaxta qədər İran İslam Respublikası üzərindən Naxçıvandan Bakıya və əks istiqamətdə hərəkət edən sərnişin avtobusları 12 saat yolda olurdularsa, indi bu müddət 8 saat təşkil edir.
Sadələşdirilmiş gömrük nəzarəti qaydaları əsasında Naxçıvandan Bakıya hərəkət edən ilk sərnişin avtobusu bu gün səhər saatlarında Culfa Gömrük İdarəsinin “Culfa” gömrük postunda rentgen nəzarəti qurğularından istifadə olunmaqla gömrük yoxlamasından keçirilib. Sərnişinlərə məxsus əl yükləri müvafiq birkalarla təmin edildikdən sonra avtobusun yük yerinə yığılıb və nəqliyyat vasitəsi gömrük təminatı altında yola salınıb.
Qeyd edək ki, mənfur Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada vəziyyətinə düşən Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas ərazi vahidi ilə nəqliyyatı əlaqəsi İran üzərindən olduğundan dövlətimiz tərəfindən müntəzəm avtobus reyslərinin faəliyyətinin təmin olunmasına daim diqqət göstərilib. Culfa və Biləsuvar gömrük postlarının iş vaxtı 24 saata çatdırılıb, gecə vaxtı da Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə avtobus reyslərinin həyata keçirilməsi təmin olunub. Avtobuslardakı əl yüklərinin sərhəd keçid məntəqələrində yoxlanma prosedurlarında edilən dəyişiklik və sadələşdirmə sərnişinlərin rahatlığının təmin olunmasına, gediş-gəlişin atmasına şərait yaradıb.
Avtobus sürücüləri və vətəndaşlar yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq ediblər.