Taxta bazarında ard-arda yanğınların sirri

Bakıda tikinti materialları bazarındakı güclü yanğından sonra Gəncədə yerləşən taxta bazarında da yanğın oldu; baş verən yanğınların səbəbi nə…

Ölkədə taxta bazarlarında ard-arda yanğın baş verir. Ötən həftə Bakıda Dərnəgüldə (“Baksol” yolu yaxınlığında) tikinti materialları bazarında yanğın baş verdi. Rəsmi məlumata görə, yanğının sahəsi, təxminən, 1500 kvardrat metrdən artıq oldu. Yanğının söndürülməsinə 32 texnika, 250-dən artıq canlı qüvvə cəlb edildi. Lakin yanğının başvermə səbəbləri açıqlanmadı. Bildirildi ki, bu istiqamətdə araşdırma gedir.

Avqustun 27-də isə Gəncədə yerləşən taxta bazarında yanğın baş verdi. Belə ki, rəsmi məlumatda bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə saat 00:40-da Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerinə ilkin çatan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən yanğının miqyası nəzərə alınaraq 2 saylı çağırış elan edilib.

Yanğın nəticəsində ümumi sahəsi 2 ha olan “DAŞQIN” inşaat materialları bazarının ərazisində ümumi sahəsi 1400 m2 olan talvarın yanar konsturksiyaları, altına yığılmış 15 ədəd taxtakəsən dəzgah və 100 m2 sahədə avtomobil ehtiyyat hissələri yanıb. Yaxınlıqdakı digər satış obyektləri yanğından mühafizə olunub.
Taxta bazarında ard-arda yanğınların sirri

Bəs ard-arda baş verən bu yanğınların səbəbi nədir?

“Yeni Müsavat” olaraq bu istiqamət üzrə kiçik bir araşdırma etdik. Öyrəndik ki, taxta satılan ərazilərdə yanğın təhlükəsizliyi tədbirlərinə tam əməl edilmir. Buna görə də adi bir qığılcımın qarşısı zamanında alınmadığı təqdirdə böyük yanğınlar baş verir.
Taxta bazarında ard-arda yanğınların sirri

“Dərnəgül” yolunda yerləşən taxta bazarında çalışan Asif Qəmbərov “Yeni Müsavat”a bildirdi ki, bu cür yanğınların baş verməsinin səbəbi, sadəcə olaraq, ehtiyatsızlıqdır: “Fövqəladə Hallar Nazirliyi tərəfindən hər bir taxta satıcısına tapşırılıb ki, ərazidə yanğın şiti qursun. Bu, nazirliyin əməkdaşları tərəfindən tez-tez yoxlanılır. Adətən taxta satıcıları və ya sex işlədənlər şit düzəldib, ora qum, ling, balta kimi əşyalar qoyurlar. Ancaq burada su anbarı mövcud deyil. Adam var ki, yanğın baş verən zaman qumdan istifadə edilməli olduğunu bilmir. Xüsusilə də satıcılar bu kimi məsələlərdən xəbərsiz olurlar. Ona görə də kiminsə ehtiyatsızlıqdan atdığı siqaret kötüyü sonradan böyük yanğına səbəb olur. Düşünürəm ki, isti havalarda yanğının baş verməsinin səbəbi nəzarətin olmamasıdır. Belə ki, hava isti olanda satıcılar kölgəyə çəkilirlər. Ona görə də əraziyə nəzarət edilmir. Kiçik yanğın taxtaya keçəndən sonra bir neçə saniyə bəs edir ki, genişlənsin. Bunun da qabağını qumla, balta ilə almaq mümkün deyil”.
Taxta bazarında ard-arda yanğınların sirri

Satıcı taxta bazarının qəsdən yandırılması ilə bağlı iddiaları əsaslı saymır:

“Burada qəsdən yandırılma olduğunu düşünmürəm. Sadəcə olaraq, ehtiyatsız davranırlar. Bir yer çox yanan zaman, orada hər kəsin beynində yanğın qorxusu olur. Ona görə də tədbir görürlər. Taxta bazarında çalışanlarda belə bir qorxu yoxdur. Bu səbəbdən də nəyi, necə gəldi atıb, işlədirlər”.

Taxta bazarında hazırda 1 kub taxta 280 manata satılır. Ötən aylarda bu qiymətdə 10 manat ucuzlaşma olub. Ancaq sonradan taxtanın qiyməti yenidən 280 manata qaldırıldı.
Taxta bazarında ard-arda yanğınların sirri

Bəs yanğının səbəbi taxtanın qiymətini süni şəkildə artırmaq ola bilərmi?

Bu barədə də satıcılarla söhbət etdik. Satıcı Alim Həsənov bildirdi ki, bu cür yanğınların qiymətə təsiri yoxdur: “Azərbaycan ərazisinə hər gün 10 min kub metr taxta gəlir. Təbii ki, bu taxtanın hamısı bazara çıxarılmır. Bizim ərazimizdən keçib, İrana da taxta aparırlar. Mən uzun illərdir ki, taxta işindəyəm. Hələ bazarda hansısa yanğın və ya digər bu kimi səbəblərdən daimi qiymət artımının şahidi olmamışam. Bizdən də tez-tez soruşurlar ki, taxtanın qiyməti niyə bahadır. Müqayisəni də 2014-cü illə aparırlar. Səbəb birmənalı şəkildə dollardır. Bu dəqiqə biz taxtanı Rusiyadan ən ucuz alanda 100 dollara alırıq. Oradan bura gətirilmə və digər xərcləri də üstünə gələndə kubun 280 manata olması hələ azdır”.

Onu da qeyd edək ki, ötən ay Rusiya meşələrində də ciddi yanğınlar baş verib. Lakin ekspertlər bildirirlər ki, taxta üçün ağaclar qış aylarında kəsildiyi üçün baş verən bu yanğınların qısa müddət ərzində qiymətlərə təsiri ola bilməz.
Taxta bazarında ard-arda yanğınların sirri
İqtisadçı ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a bildirib ki, taxta bazarında baş verən bu cür yanğınlar müvəqqəti də olsa qiymət artımına səbəb ola bilər:

“Bazarda baş verən yanğınlar, göründüyü kimi, ciddi qiymət dəyişikliyinə səbəb olmadı. Çünki həm yanan taxtanın həcmi, həm də bazardakı oyunçuların sistemli şəkildə ölkəyə taxta gətirmələri ilə əlaqədar olaraq bunun qiymətlərə ciddi təsiri olacağını düşünmürəm. Çünki əslində bu sahədə qiymətləri Azərbaycanda tələb və təklif müəyyənləşdirir. Azərbaycanda tikinti sektorunda canlanma olan kimi, tikinti materialları bazarında da qiymətlər qalxır. Tikintidə zəiflik müşahidə ediləndə isə bazarda durğunluq olur. Misal kimi devalvasiya baş verən ərəfəni göstərə bilərik. Həmin zaman tikinti materialları bazarında durğunluq müşahidə edilirdi. Ötən ildən başlayaraq, tikintidə canlanma var. Bu isə nə qədər qəribə səslənsə də, dövlət büdcəsindən təmir-tikintiyə ayrılan vəsaitlə bağlıdır. Azərbaycan iqtisadiyyatında elə bir formul qurulub ki, dövlət büdcəsindən olan xərcləmələr, bazarın bütün sahələrinə, o cümlədən də tikinti bazarına birbaşa təsir edir. Nə qədər ki, Azərbaycanda bu cür canlanma müşahidə edilir, qiymət də buna reaksiya verəcək. Müvəqqəti olaraq ajiotaj yaranıb, yanğınla əlaqədar bir-iki günlük qiymətlərdə ciddi oynama ola bilər. Ancaq qalıcı olaraq bazardakı qiymətlərə təsir tələb və təklifdən asılı olacaq”.