AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası noyabrın 15-də Yupiter ilə Veneranın bir-birinə yaxınlaşması nəticəsində Yerin noyabrın 27-dək qaranlığa qərq olacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Oxu.Az-ın xəbərinə görə, rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, Yupiter ilə Veneranın yaxınlaşmasının noyabrın 15-də olması barədə məlumatlar düzgün deyil. Çünki Yupiter ilə Veneranın ən yaxın məsafədə yaxınlaşması bu gün gündüz saat 12 radələrində olub.
X.Mikayılov qeyd edib ki, yaxınlaşma zamanı Yupiter ilə Venera arasındakı məsafə bədirlənmiş ayın yarısı qədər ( 7 günlük ay) olub.
Yupiter ilə Venera arasındakı məsafənin böyük olduğunu nəzərə çatdıran X.Mikayılov bildirib ki, Yerdən Veneraya qədər olan məsafə 245 milyon, Yupiterə qədər olan məsafə isə 956 milyon km-dir:
“Göründüyü kimi, onlar arasındakı məsafə çox böyükdür. Onların yaxınlaşmasını “görüntü yaxınlaşması” hesab etmək olar, çünki biz Yerdən baxanda elə görürük ki, onlar yaxındırlar. Əslində isə onlar arasında böyük məsafə var. Bu baxımdan bu iki planetin Yeri qaranlığa qərq etməsi mümkün deyil. Digər tərəfdən, Yer qaranlığa yalnız Günəş tutulması nəticəsində qərq ola bilər. Günəş tutulması hadisəsini isə yalnız Ay törədə bilər, çünki onların hər ikisi demək olar ki, eyni bucaq ölçüsündədir”.
Qeyd edək ki, NASA alimi Çarlz Boden belə bir iddia ilə çıxış edib ki, noyabrın 15-də Yupiter Venera ilə minimal məsafəyədək yaxınlaşması nəticəsində Yer noyabrın 27-nə qədər qaranlığa qərq olacaq.
Ona cavab olaraq NASA alimlərinin bir çoxu planetlərin yaxınlaşması nəticəsində hər yerin qaranlığa qərq olması məsələsini saxta adlandırıblar və planetlərin yaxınlaşması ilə Günəş işığının heç bir yerə getməyəcəyinə əmin ediblər.