15 yaşlı qız atası tərəfindən cinsi zorakılığa məruz qalıb – RƏSMİ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi son günlərdə Şəmkir və İsmayıllı rayonunda baş vermiş zorakılıq halları ilə əlaqədar çoxsaylı müraciətləri nəzərə alaraq məsələ ilə bağlı bəzi məlumatları ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edir.


Komitədən bildirilib ki, İsmayıllı rayon sakini 15 yaşlı qız atası tərəfindən cinsi zorakılığa məruz qalması ilə bağlı İsmayıllı Rayon Polis şöbəsinə müraciət edib və ata barədə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bununla əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) nümayəndələri İsmayıllı rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu”nun üzvləri ilə birlikdə hadisədən sonra hazırda anası ilə yaşayan yetkinlik yaşına çatmamış şəxsin ailəsinə baş çəkib. Onunla fərdi söhbət aparılaraq, vəziyyəti qiymətləndirilib və psixoloji yardım göstərilib.

Pandemiya səbəbindən karantin və sosial izolyasiya dövrü nəzərə alınaraq, Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu tərəfindən zərərçəkmişə mütəmadi olaraq onlayn psixoloji dəstək göstəriləcəkdir.

Bundan əlavə, kütləvi informasiya vasitələrində Şəmkir rayon sakinin həyat yoldaşı tərəfindən boğazı kəsilərək öldürülməsi haqqında yayılmış məlumatla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Şəmkir rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla əlaqə saxlayaraq, hadisə haqqında məlumat əldə ediblər.

Məlum olub ki, iki azyaşlı övladı olan Səmkir rayon sakini Mübariz Məmmədov həyat yoldaşı Nailə Məmmədovanı aralarında qısqanclıq zəminində baş vermiş mübahisədən sonra qətlə yetirib. Şəmkir rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu”nun üzvləri və psixoloqu uşaqların vəziyyətini nəzarətə götürmək məqsədi ilə ailəyə baş çəkiblər. Rayon İcra hakimiyyətindən Komitəyə daxil olmuş məlumata əsasən azyaşlılar hazırda nənənin himayəsindədir, onların psixoloji durumları sabitdir.

Hazırda hər iki ailə Komitənin nəzarətindədir və hüquq-mühafiə orqanları tərəfindən istintaq işləri davam etdirilir.


/azinforum.az/