Bakıda yağışlı havada baş verən qəzalar - VİDEO

Yağışlı havada yol qəzaları tez-tez baş verir. Xüsusilə də magistral yollarda. Əsas səbəb isə yağışlı havada yerin sürüşkən olması və sürücülərin yüksək sürət və ara məsafəsini düzgün saxlamamasıdır.

Avtosfer.az-ın təqdim etdiyi üç videoda baş verən qəzalar da son yağışda baş verib.

İlk video paytaxtın Neftçilər prospektində baş verib. Şəhər istiqamətində hərəkət edən edən “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirir. Maşın sürüşərək əks istiqamətdə hərəkətdə olan “Toyota” markalı avtomobilə dəyir. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyir.

İkinci qəza paytaxtın Fizuli küçəsində baş verib. “Toyota Prado” markalı avtomobilin sürücüsü qəfil əyləci basır. Yer isə sürüşkən olduğu üçün idarəetməni itirir. Avtomobil yolda çıxaraq işıq dirəyinə çırpılır.

Üçüncü qəza isə kənar dairəvi yolun Yasamal rayonundan keçən hissəsində qeydə alınıb. Qəfil əyləci basan sürücü idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yağmurlu havalarda yollarda görüntü məhdudlaşır: "Odur ki, sürücülər bu halda sürət həddini aşağı salmalı, yolun sağ zolağı ilə getməyə üstünlük verməli, son dərəcə diqqətli olmalıdırlar. Görmə qabiliyyəti zəif olan insanların belə havalarda yola çıxması, mütamadi olaraq avtomobil idarə etməsi təhlükəlidir. Bu baxımdan düşünürəm ki, yağmurlu havalarda yalnız peşakar sürücülərin sükan arxasında olması məqsədəuyğundur".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər meteoroloji şəraiti nəzərə almaqla avtomobillərini idarə etməlidirlər: “Günün pik saatlarında havaların yağışlı olması, səhər havanın gec işıqlanması, axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmalı, ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq”.

Videonu təqdim edirik: