Astarada Qarabağ Qazisini eşidən yoxdur - “Nisyə dərman, çörək almaqdan bezmişik”

Astarada Qarabağ Qazisini eşidən yoxdur - “Nisyə dərman, çörək almaqdan bezmişik”


"İtin günündə yaşayırıq, bildiyiniz itin günündə… Gəlib yaşayışımızla əyani tanış ola bilərsiz. Xirtdəyə kimi borcun içində üzürük. Dərman borcla, çörək borcla… Bir gün mən də özünü öldürən qazilərin siyahısına düşəcəm”.

Astara sakini Aslan Babayev 7 aydır ki, Lənkərandakı Hirkan Milli Parkına gözətçi işinə düzəlib. 360 manat maaş alır. Birinci Qarabağ döyüşlərinin iştirakçısı kimi də 80 manat alır. Deyir, evinə daxil olan gəlir bundan ibarətdir. 7 nəfərlik ailə gözünü ona dikib. O isə aldığını kreditlərə ödəyir. Ailə ac qalmasın deyə, çörəyi nisyə alır. Xəstə övladının dərmanlarına görə də apteklərə xeyli borcu yığılıb: "Borcun içində üzürük. Evdə özünə iş tapan bircə mənəm. O vaxt müharibədə yaralandım, dövlət baxmadı mənə, indi yaşa dolduqca vəziyyətim ağırlaşır, tez-tez müalicələr almalı oluram, onu da borc-xərclə edirəm”.

"Hər iki oğlum gəncdir. Bir oğlum Naxçıvanda hərbi xidmətdə olarkən ayaqqabı döyüb, barmaqları iflic olub. Yeriməkdə çətinlik çəkir deyə, əmək fəaliyyətiylə məşğul ola bilmir. Ağır işlər görə bilmir. İkinci oğlumun da 22 yaşı var. Anadangəlmə böyrək qüsurludur. Bir böyrəyi cəmi 40 faiz inkişaf edib. Həkim onun iki kiloqramdan artıq yük götürməsinə icazə vermir. Ömrü müalicələr qəbul etməklə keçir, onun da müalicələrinə görə xirtdəyə qədər borca girmişəm. Uşaq vaxtı müavinət verilirdi, sonradan o da kəsildi”, – şikayətçi deyir.

Aslan Babayev bir borcu ödəmək üçün növbəti borca girməli olur və bu, illərdir ki, davam edir: "Müalicələrimiz üçün adamlardan aldığım borcları qaytarmaqdan ötrü bankdan kredit götürürəm, sonra da o kreditin aylıqlarını ödəmək üçün təzədən adamlardan borc alıram. Düşmüşəm quyunun lap dibinə, çıxa bilmirəm. Hər iki oğlumun əlillik təyinatı üçün müraciət etmişik, imtina veriblər. Pensiya verilsə, ən azı, dərmanlarını öz pullarıyla alarlar. Ünvanlı sosial yardım üçün müracisət edirik, vermirlər, bəhanələr gətirirlər. Kimə deyəsən dərdini? Mən də insanam, utanıram mağazalara nisyə çörək üçün ağız açmağa… Qalmışam təkbaşına 7 nəfərin əlində…”

Aslan Babayevin oğlu Yusif Babazadə də bu yaxınlarda Meydan TV-yə müraciət etmişdi. O bildirmişdi ki, ayaq barmaqlarını itirməsinə görə ikinci qrup hərbi əlillik təyin edilsə də, 2019-cu ilin fevralında pensiyası kəsilib: "İkinci qrup hərbi əlil olmağıma və vəziyyətimin ağır olmasına baxmayaraq 2019-cu ilin fevralından heç bir səbəb göstərilmədən pensiyam kəsilib. Şikayətlərim nəticəsiz qalıb, heç bir yerdən müraciətlərimə cavab ala bilmirəm. Barmaqlarım iflic olduğundan yerimək qabiliyyətimi itirmişəm. Buna görə əmək fəaliyyətiylə də məşğul ola bilmirəm. İki azyaşlı övladım var. Vəziyyətim çox ağırdır”.

Aslan Babayev köməklik üçün Astara Rayon İcra Hakimiyyətinə müraciət etdiyini, ancaq nəticəsiz qaldığını deyir.

Astara Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyilib ki, Babayevlər ailəsi quruma da müraciət edib. Onlara bildirilib ki, sosial durumla bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməlidirlər: "İcra hakimiyyətinə belə məsələlərə görə büdcə ayrılmır və bu məsələləri həll etmək qurumun vəzifəsinə daxil deyil. Vətəndaşlara dəfələrlə izah edilib ki, bu şeylərə görə aidiyyəti quruma müraciət olunmalıdır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi müxtəlif sosial proqramlar (özünəməşğulluq və sair) həyata keçirir, bəlkə bu ailə də həmin proqramlarla maraqlana bilər. Pensiya məsələsinə görə də aidiyyəti üzrə müraciət etməlidilər”. //Meydan TV//