Azərbaycanda dəhşətli qəza: inəyə görə 3 nəfər öldü

İnəyi vuran "Kamaz" dayandı, "Mercedes" ona çırpıldı və..
Ötən gecə Sumqayıt yaxınlığında 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Məlumata görə, Quba rayon sakini, 1979-cu il təvəllüdlü Novruzov Azad Novruz oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinin çırpıldığı “Kamaz”ın hadisədən bir qədər əvvəl yola çıxmış inəyi vurduğu məlum olub. Belə ki, Yasamal rayon sakini Xanəhmədov Əsgər Yavər oğlu yük maşını ilə magistrala çıxmış inəyi vurub və iribuynuzlu heyvan ölüb. Bunu görən sürücü yük maşınını yolun sağ kənar zolağında saxlayaraq düşüb. Bu zaman Azad Novruzovun idarə etdiyi “Mercedes” markalı, 10 TN 757 nömrə nişanlı avtomobil yük maşınına çırpılıb. Hadisə nəticəsində sürücü ilə yanaşı sərnişinləri: 1955-ci il təvəllüdlü Məmmədov Xanlar Alı oğlu və 1976-cı il təvəllüdlü Cəfərov Rəşid İslam oğlu hadisə yerində ölüb. Quba şəhər sakini olan 1998-ci il təvəllüdlü Kərimov Əmrah Nəriman oğlu isə açıq kəllə beyin travması alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*****
9:52
Ötən gecə Sumqayıtda baş vermiş dəhşətli qəzada ölən şəxslərin adları müəyyənləşib. Lent.az xəbər verir ki, Bakı-Quba-Rusiya sərhədi yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığından keçən hissəsində "KamAZ" markalı yük maşınına çırpılan "Mercedes"də ölən şəxslərin 1955-ci il təvəllüdlü Məmmədov Xanlar Alı oğlu, 1976-cı il təvəllüdlü Cəfərov Rəşid İslam oğlu və Novruzov Azad Novruz oğlu olması məlum olub. Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən 1998-ci il təvəllüdlü Kərimov Əmrah Nəriman oğlu isə ağır xəsarət alıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

*****
01:26
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub. Avtosfer.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nəticədə minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.