Məcburi məhkəməyə gətirilməsi tələb edilən BSU-nun sabiq rektoru ölkədən çıxıb
Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə barəsində məcburi məhkəməyə gətirilmə qərarı qəbul olunmuş Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevanın ölkədə olmadığı elan olunub.
Məlum olub ki, Nurlana Əliyeva məcburi gətirilmə ilə bağlı vəsatət müzakirə olunan vaxt ölkədən gedib. Hakim Əli Məmmədov deyib ki, aidiyyəti orqanlar vasitəsilə Nurlana Əliyevanın ölkə sərhədlərinə daxil olmadığı barədə məlumat alıb. Onun hazırda Türkiyənin Ankara şəhərində olduğu bildirilir. Məhkəmə Nurlana Əliyeva barəsində yanvarın 18-də keçirilən iclasda qəbul olunan qərarı qüvvədə saxlayıb. O, ölkəyə daxil olan kimi polis vasitəsilə məhkəməyə gətiriləcək. Bundan başqa, cinayət işində adı keçən, əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işləmiş Fərahilə Babayeva-Şükürovanın da məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul olunub. Proses martın 6-da davam etdiriləcək. Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub. Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb. Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda qeyd olunan əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib. Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub. (APA)