ABŞ-da müsəlmanların səhvən terrorçu siyahısına salınması etirazlara səbəb olub
ABŞ-ın ən böyük müsəlman vətəndaş azadlıqları təşkilatı olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) bu ölkənin Federal Təhqiqat Bürosunun (FTB) “terroru izləmə siyahısı”nın ölkənin müsəlman icmasına mənfi təsirinə qarşı səsini ucaldıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Şuranın icraçı direktorunun müavini Edvard Əhməd Mitçell bu nəzarət sisteminin cəmiyyətin müxtəlif təbəqələrində müsəlmanların gündəlik həyatını əhəmiyyətli dərəcədə əngəllədiyini bildirib. O əlavə edib: “Amerikalı müsəlmanlar iş üçün müraciət edərkən, bank hesabı açmağa çalışarkən, təyyarəyə minərkən əlavə mühafizəyə məruz qala, hər hansı bir işi görmək üçün əlavə yoxlamalardan keçməli ola bilərlər. Baxmayaraq ki, bütün bunlar ABŞ-ın digər dinlərə mənsub olan vətəndaşları üçün çox asandır".
Mitçell bildirib ki, FTB-nin ölkədəki müsəlmanları hədəf alan gizli monitorinq mexanizmi 2001-ci il sentyabrın 11-də ABŞ-a edilən terror hücumlarından sonra işə salınıb. O əlavə edib ki, siyahıda heç bir cinayətdə ittiham olunmayan, amma hökumət tərəfindən şübhəli hesab edilən şəxslərin adları var.
Şuranın nümayəndəsi bildirib ki, adları siyahıda olan günahsız amerikalı müsəlmanlar dini ayinlər ilə bağlı “gündə neçə dəfə namaz qılırsan?” və “imam nə edir?” kimi suallar da daxil olmaqla, əcaib və ciddi pozuntularla qarşılaşırlar. "Bir amerikalı avtomobil idarə edərkən onun adını siyahıda görən yerli polis tərəfindən dəfələrlə kənara çəkilir və onlar həmin şəxsə silahla yaxınlaşaraq həyatına təhlükə törədirlər",-deyə o bildirib.
Mitçell, həmçinin xatırladıb ki, 2023-cü ilin yanvarında isveçrəli bir haker onlayn rejimdə izləmə siyahısını ifşa edərək, adların oxşarlığına görə səhvən daxil edilmiş uşaqlar da daxil olmaqla, çoxlu qanunsuzluqları aşkara çıxarıb. O vurğulayıb: "Heç bir cinayət törədə bilməyən uşaqları da siyahıya əlavə edirlər. Bu təsnifat təkcə fərdi azadlıqlara təhlükə yaratmır, həm də cəmiyyət daxilində irqçilik və ayrı-seçkiliyi davam etdirir. Keçən il ölkə üzrə ayrı-seçkilik və digər məsələlərlə bağlı 5 minə yaxın şikayət aldıq. Bu, əvvəlki illə müqayisədə 23 faiz az olsa da, hələ də böyük bir rəqəmdir və ən azı potensial olaraq problem yaşayan 5 min amerikalı deməkdir. Səbəb isə çox aydındır, çünki onlar müsəlmandırlar”.