Xocalı faciəsi: həqiqətlər və erməni yalanları


Möhtəşəm Zəfərlə başa çatan Vətən müharibəsindən, respublikamızın ərazi bütövlüyünün təmin edilməsindən, ilk dəfə bütün ölkə ərazisində keçirilən Prezident seçkilərindən sonra Xocalı soyqırımının 32-ci ildönümünü xalqımız əvvəlki illərdən fərqli bir ovqatda qeyd edir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Boran Əziz söyləyib. Tarixçi alim bildirib ki, Xocalı soyqırımı Ermənistan dövlətinin, onun havadarlarının, Qarabağdakı erməni silahlı birləşmələrinin əvvəlcədən ciddi şəkildə düşünülmüş, siyasi, maliyyə dəstəyi almış, uzun illər ərzində diqqətlə işlənib-hazırlanmış hərbi təcavüz aktı olub: “Bir çox analitiklər doğru olaraq belə hesab edirlər ki, Qarabağdakı hadisələr müstəqilliyimizin əleyhinə yönəlmişdi və Xocalı soyqırımı da həmin prosesin kulminasiya nöqtəsi idi. Onlar və havadarları bu soyqırımı planını işləyib-hazırlamaq və həyata keçirməklə xalqımızı müstəqilliyindən və ərazi bütövlüyündən imtina etdirmək, əks təqdirdə onları hansı böyük faciənin gözlədiyini göstərmək istəyirdilər. Soyqırımın icraçısı olan ermənilərin məqsədi torpaqlarımızı ələ keçirib onu Ermənistana birləşdirmək idi”.
Boran Əziz qeyd edib ki, Xocalı soyqırımında erməni silahlı qüvvələri ilə birlikdə sovet ordusundan qalmış 366-cı alay da yaxında iştirak etmişdi: “1992-ci il fevralın 26-da Azərbaycanın qədim Xocalı şəhərində törədilən soyqırımı nəticəsində 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Səkkiz ailə tamamilə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürüldü, 155 nəfərin taleyi indiyə kimi naməlumdur. Ermənilərin bu vəhşiliyi haqqında həmin dövrdə xarici mediada, məsələn “Vaşinqton Post”, “Tayms”, “Sandi-Tayms”, “Fayneyşnl tayms”, “Le Mond” və s. qəzetlərdə xeyli məlumat verildi”.
Tarixçi alim diqqətə çatdırıb ki, ermənilərin Xocalıdakı əməlləri beynəlxalq cinayətdir: “Bir gecədə insanların kütləvi şəkildə xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilməsi, onların diri-diri yandırılması, başlarının kəsilməsi, üzlərinin dərisinin soyulması, körpə uşaqların gözlərinin çıxarılması, süngü ilə hamilə qadınların qarın nahiyələrinin yarılması insanlıq əleyhinə cinayətlərdir və bu cinayətlərin törədilməsinə görə Ermənistan dövləti məsuliyyət daşıyır. Ermənilər 1949-cu il Cenevrə Konvensiyasının I, III, IV bəndlərinə məhəl qoymadan yaralılarla, əsir düşənlərlə, mülki əhali ilə vəhşicəsinə rəftar etmiş, onlara işgəncələr verilməklə qətlə yetirmiş, dinc əhalinin şəhəri tərk etməsinə şərait yaratmamışdır. Xocalı şəhərinin işğalı zamanı 1954-cü il Cenevrə Konvensiyasının müddəaları da kobudcasına pozulub, şəhərin qiymətli mədəni abidələri yerlə-yeksan edilib. Xocalı soyqırımı zamanı 1949-cu il Cenevrə Konvensiyasına əlavə olunan 1977-ci il “Beynəlxalq və qeyri- beynəlxalq hərbi konfliktlərdə qurbanların müdafiəsini gücləndirən” iki protokolun tələbləri də erməni birləşmələri tərəfindən kobudcasına tapdalanıb”.
BDU-nun dosenti vurğulayıb ki, Xocalı soyqırımının xarici ölkələrdə tanıdılması işində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər xüsusi qeyd edilməlidir.
“Soyqırımın tanıdılması işində Azərbaycanın dövlət, hökumət orqanları ilə yanaşı, xarici ölkələrdə yaşayan vətənpərvər azərbaycanlıların xidmətləri də danılmazdır.
Aparılan məqsədyönlü, uzaqgörən xarici siyasət nəticəsində bu gün Azərbaycan regionun aparıcı dövlətinə çevrilib. Düşmən üzərində qalib gəlmiş dövlətimizin iştirakı olmadan bu gün regionda heç bir beynəlxalq layihəni reallaşdırmaq mümkün deyil. Xalqımızın qüruru, məğrurluğu özünə qaytarılıb. Bu gün Azərbaycanın Dövlət Bayrağı respublikamızın hər yerində dalğalanır”, - deyə Boran Əziz fikrini yekunlaşdırıb.