Sakinlər 15 yaşlı qızın avtomobillə vurularaq ölməsindən sonra etiraz əlaməti olaraq bir yerə toplaşıb
Bakının Yasamal rayonu ərazisində, "Qanlı Göl" yaşayış massivinin yaxınlığından keçən magistral yolda piyada keçidinin olmaması sakinlərin ciddi narazılığına səbəb olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, massivin ərazisində tez-tez piyada ölümləri və xəsarət almaları ilə nəticələnən yol qəzaları baş verir. Hazırda "Qanlı Göl" yaşayış massivində, təxminən, 2000 nəfər yaşayır və ərazidə piyada keçidinin qoyulması üçün müvafiq qurumlara müraciət edilib. Ötən gün sakinlər 15 yaşlı qızın avtomobillə vurularaq ölməsindən sonra etiraz əlaməti olaraq bir yerə toplaşıb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib və sakinlər yol kənarından uzaqlaşdırılıb. Onlar bu cür hadisələrin bir daha baş verməməsi üçün piyada keçidinin quraşdırılmasını tələb ediblər. Sakinlər "Report"a bildiriblər ki, eyni gündə bu ərazidə iki piyadanı avtomobil vurub: "Belə ki, səhər saatlarında bir fəhləni avtomobil vurub və xəstəxanaya yerləşdirib. Digər piyadanı - 15 yaşlı qızı avtomobil vuraraq öldürüb. Biz dəfələrlə ərazidə piyada keçidinin qurulması və ya sürət həddinin aşağı salınması üçün müvafiq qurumlara müraciət etmişik. Axı biz nə edək? Burada avtobus nişanı var, yəni dayanacaq kimi istifadə edirik. Digər tərəfdən, avtobusdan düşən yolun qarşı tərəfinə keçməlidir. Yaşayış massivinin içərisinə daxil olan avtobus da yoxdur. Xahişimiz nəzərə alınmır".