Gürcüstan hökuməti ABŞ senatorlarına etiraz məktubu göndərib
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti ABŞ senatorlarına müraciət edərək ölkənin Rusiyaya qarşı sanksiyalardan yayınması ilə bağlı ittihamlara aydınlıq gətirilməsini tələb edib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatında qeyd olunur.
Bəyanatda deyilir ki, Maliyyə Nazirliyinin Gəlirlər Xidməti artıq amerikalı həmkarları ilə əlaqə saxlayıb və onların qəbul etdiyi sənədin hansı dəlillərə əsaslandığına aydınlıq gətirilməsini istəyib. Əgər konkret sübut varsa, Amerika tərəfindən bunu Gürcüstanla bölüşməsi xahiş olunub.
Bundan əlavə, vurğulanır ki, nazirliyə Gürcüstanın beynəlxalq sanksiyaları pozmasını təsdiqləyən hər hansı konkret fakt təqdim edilməyib.
Qeyd edək ki, ABŞ-ın bir neçə senatorunun və maliyyə ekspertlərinin iştirakı ilə keçirilən iclasda Gürcüstanın Rusiyaya bəzi məhsullar, o cümlədən yarımkeçiricilər tədarük etdiyi bildirilir. Eyni zamanda, Gürcüstan Rusiyaya yardım edən ölkə kimi göstərilir.