YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub


Martın 2-də III Antalya Diplomatiya Forumu çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri, Ulusal Birlik Partiyasının (UBP) Sədri Ünal Üstel arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Tahir Budaqov xalqlarımız arasında ortaq dəyərlərə və tarixi ənənələrə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin nümunəvi xarakter daşıdığını vurğulayıb. O, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında sıx təmasların olduğunu, müxtəlif sahələri əhatə edən çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.
Beynəlxalq münasibətlər sisteminin hazırkı reallıqlarının Türk dünyası üçün də yeni çağırışlar yaratdığını söyləyən T.Budaqov mövcud gerçəkliklər fonunda xalqlarımızın həmrəyliyi və Türk dünyasında səmərəli işbirliyinin həyata keçirilməsinin başlıca prioritetlərdən olduğunu deyib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra yaranmış reallıqlar nəticəsində Türk dünyasında da münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyev Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinə, Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsinə xüsusi önəm verir və bu yöndə uzaqgörən siyasət həyata keçirir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır”.
YAP Sədrinin müavini Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinin hakim partiyaları arasında işbirliyinin genişləndirilməsinin də xüsusi diqqət mərkəzində olduğunu diqqətə çatdırıb. 2023-cü ilin noyabrın 14-də Yeni Azərbaycan Partiyası, Ədalət və İnkişaf Partiyası və Ulusal Birlik Partiyası arasında üçtərəfli Anlaşma Memorandumunun imzalanmasının milli maraqlara əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq üçün etibarlı zəmin yaratdığını bildirən Tahir Budaqov qarşıda duran bütün hədəflərin gerçəkləşdiriləcəyinə əminliyini ifadə edib.
Ulusal Birlik Partiyasının Sədri Ünal Üstel Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini diqqətə çatdırıb. “Xalqlarımızı ortaq dəyərlər birləşdirir və bizim gücümüz birliyimizdədir”, - deyən Ü.Üstel birgə təşəbbüslər əsasında hazırda Türk dünyasının yüksələn gücə çevrildiyini vurğulayıb. O, Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə ŞKTC-nin təşkilata müşahidəçi üzv statusunda qəbul olunmasının əhəmiyyətindən bəhs edərək, Azərbaycanın qardaş dəstəyinin Şimali Kipr Türk xalqı tərəfindən yüksək qiymətləndirildiyini və heç zaman unudulmayacağını bildirib.
Bu ilin iyul ayında TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Prezidentinin dəvəti əsasında Şimali Kipr Türk Cümhuriyyətinin də təmsil olunacağını məmnunluqla diqqətə çatdıran Ünal Üstel bu faktın dostluq və qardaşlıq münasibətlərimizin sarsılmazlığını bir daha təsdiq etdiyini vurğulayıb.
Hakim partiyalar arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişafının təqdirəlayiq olduğunu diqqətə çatdıran UBP Sədri deyib: “Türkiyə, Azərbaycan və Şimali Kiprin iqtidar partiyalarının ötən il imzaladıqları Anlaşma Memorandumu işbirliyinin əsas istiqamətlərini müəyyənləşdirən “yol xəritəsi” kimi böyük əhəmiyyət daşıyır. Memorandumun yüksək səviyyədə icrası bizə əhəmiyyətli uğurlar qazandıracaq”.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən iki ölkə arasında təhsil və turizm sahələrində əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb.