İcma bəyanat YAYDI
Qərbi Azərbaycan İcması Almaniya Xarici Əlaqələr Şurasından əsas diqqətini azərbaycanlılara qarşı haqsızlıqlara yönəltməyi tələb edib.
Qeyd edilib ki, Almaniya Xarici Əlaqələr Şurası martın 6-da Azərbaycanın Qarabağ bölgəsində mədəni irsin təhlükədə olması bəhanəsi ilə tədbir keçirir. Öz dini təəssübkeşlik baxışlarını gizlətməyən Daqmar Heller adlı şəxsin Azərbaycanın ərazi bütövlüyünə qəsd edən başlığa malik və iftiralarla dolu kitabının təqdimatına həsr edilmiş bu tədbir anti-Azərbaycan xarakteri daşıyır.
İcmadan xatırladılıb ki, özünü peşəkar və bitərəf qurum kimi qələmə verən Almaniya Xarici Əlaqələr Şurası Azərbaycan mədəni irsinin dağıdılması, bir milyon azərbaycanlının etnik təmizləməyə məruz qalması mövzularında bir dəfə də olsun tədbir keçirməyib və öz nəşrlərində, hesabatlarında bu məsələni görməzdən gəlib. Ermənistanın öz ərazisində və işğal etdiyi Azərbaycan ərazilərində Azərbaycan mədəni irsini kütləvi şəkildə dağıtması faktına göz yummuş bir elmi qurumun, indi bir ovuc qərəzli, radikal ünsürləri yığıb Qarabağda erməni abidələrinə təhlükə olması “ehtimalı” barədə tədbir keçirməsi dini və etnik əsasda ayrı-seçkilikdir və elm adına böyük utancdır.
"Qərbi Azərbaycan İcması Almaniya Xarici Əlaqələr Şurasından həmin tədbirdən imtina etməyi, əsas diqqətini Ermənistandan azərbaycanlıların qovulması və onların mədəni irsinin tamamilə dağıdılması kimi baş vermiş haqsızlıqlara yönəltməyi və məhz bu mövzularda tədbir keçirməyi tələb edir", - bəyanatda vurğulanıb.