“Yüksəliş” qalibi: Müsabiqədən sonra potensialımın daha çox şahidi oldum


Budəfəki müsahibimiz üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi, Təhsilin İnkişafı Fondunda layihələr üzrə menecer Rəsul Həşimovdur. O, 1997-ci ildə İsmayıllıda anadan olub. Bakıda Arif Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə təhsil alıb. Məktəb illərində tədbirlərdə və s. fəaliyyətlərdə aktiv iştirak edib. Hələ məktəbli olduğu zaman daha çox iqtisadiyyat və biznes sahəsinə meyilli olan Rəsul bakalavriat və magistratura səviyyələrində bu sahə üzrə ixtisas seçir. Bakalavriat təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iqtisadiyyat, magistratura təhsilini isə iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə alıb.
“Uğur qazanmaq bir vərdişdir”
Müsahibimiz deyir ki, ali məktəbə hazırlaşarkən, karyera seçimi zamanı adətən valideynlər və ya ətrafdakılar xüsusi yönləndirməyə çalışsalar da, başqalarından fərqli olaraq onun belə bir çətinliyi olmayıb: “İş həyatında uğurlu olmaq üçün əvvəlcə nə istədiyini dəqiq müəyyənləşdirmək lazımdır. Növbəti mərhələ isə özünəinamı formalaşdırmaqdır. Bundan sonra hədəfə çatmaq üçün plan qurulması vacibdir, bu plan xırda addımlardan başlanılmalıdır, birdən böyük addım atmağa cəhd göstərildiyi halda uğursuzluğa düçar olmaq riski artır, daha sonra isə insanda ruh düşkünlüyü yaranır. Bunları nəzərə alaraq xırda addımlarla daima qabağa getməyə cəhd göstərmək, məqsədə doğru irəliləmək lazımdır. Uğur qazanmaq bir vərdişdir.
Boş vaxtlarımda əsasən gəzməyi sevirəm, həmçinin ailəm və dostlarımla birgə gəzirik, mütaliə edirəm. Kitab oxumaq mənfi düşüncələrdən azad olmağa və janrından asılı olaraq kreativ düşünməyə dəstək olur”.
“Finalda çox fərqli ab-hava vardı”
Rəsul Həşimov da digər qaliblər kimi “Yüksəliş” müsabiqəsində təkrar şansını sınayanlardandır: “Müsabiqə haqqında dostlardan, sosial şəbəkələrdən eşitmişdim. İkinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə qədər yüksəlmişdim, lakin finala keçə bilmədim. Həmin il həm də karyeramda böyük bir komandanın idarəetməsi mənə tapşırılmışdı. Müsabiqədən sonra həm öz potensialımın daha çox şahidi oldum, həm də digər iştirakçıların təcrübələrini müşahidə edə bildim. Bu mənə gördüyüm işə daha fərqli yanaşmağımda və idarəçilik metodlarımda xeyli kömək oldu.
Müsabiqənin hər mərhələsi maraqlı idi, lakin yarımfinal və finalda çox fərqli ab-hava vardı. Həm komanda ilə birgə çalışmaq, eyni zamanda onlarla rəqib olmaq və bütün bu prosesləri, hissləri və özünü idarə etmək kifayət qədər zəhmət tələb edirdi”.
“Əsas uğurum ünsiyyət dairəmi genişləndirməkdir”
Müsahibimiz müsabiqə iştirakçılarına öz tövsiyələrini verib: “Mənim gördüyüm işlərdə əsas uğurum insan qazanmaqdır, şadam ki, belə komanda yoldaşlarını tanımışam. Bununla yanaşı, mentorluq cəhətdən idarəçi rəhbərlərlə birbaşa ünsiyyətdə olmaq və onların idarəetmə modelləri ilə tanış olmaq mənim bu yarışda qazandığım ən böyük uğurdur.
4-cü Yüksəliş müsabiqəsi iştirakçılarına tövsiyəm ondan ibarətdir ki, proseslərdə insan yönümlü davranmağa çalışsınlar və verdikləri qərarlarda bu məsələni heç vaxt unutmasınlar. Mənim düşüncəmə görə yaxşı menecer komandasını daima düşünən, onların rifahına çalışan və komanda arasında düzgün kommunikasiyanı quran şəxsdir”.