AKP-li vətəndaş Akşenerə: İmamoğlunu sona qədər tənqid elə, bizə xeyirdir


Türkiyədə İYİ Partiyanın sədri Meral Akşener bələdiyyə seçkiləri üçün aparılan kampaniya çərçivəsində İstanbulun Çatalca rayonunda sahibkarlara baş çəkib.
 
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu zaman siyasətçi ilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olduğunu deyən vətəndaş arasında maarqlı dialoq yaşanıb.
 
Belə ki, AKP-li vətəndaş Akşenerə son seçkilərdəki "Altılı Masa"nı xatırladıb və indiki tənqidlərini soruşub: “Niyə İmamoğlunu tənqid edirsiniz? O vaxt yaxşı idi, indi pisdir?".
 
Akşenerin “İndi yarışırıq” deməsindən sonra vətəndaş onun o zaman "Altılı Masa"nı tərk etdikdən sonra niyə yenidən masaya qayıtdığını soruşub: “Masadan çıxanda çox yaxşı çıxış etdin. Bəs niyə yenidən masaya getdin? Tənqidinizə görə təəssüf keçirmirəm. İmamoğlunu sona qədər tənqid edin. Çünki AKP-yə xeyirdir, bizə xeyirdir, bəs niyə masaya qayıtdın, ona kədərlənirəm”.
 
Akşener vətəndaşa "Sizi kədərləndirdiyim üçün üzr istəyirəm" deyərək ərazidən uzaqlaşıb.
 
Qeyd edək ki, Akşenerin sədrlik etdiyi İYİ Partiya bundan əvvəlki seçkilərdən fərqli olaraq 31 martda keçiriləcək bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) ilə əməkdaşlıq etməkdən imtina edib və öz namizədləri ilə prosesə qatılıb.