Şəmkirli rəssam “Xəmsə” miniatürünü 3 aya ərsəyə gətirib REPORTAJ


69 yaşlı rəssam Fərman Hüseynov ömrünün 40 ilini rəssamlığa həsr edib. Ölkəmizdə sayı elə də çox olmayan miniatürçü rəssamlardan biridir. Yaradıcılığında vətənpərvərlik mövzusuna xüsusi yer verir. Hətta Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə əsgərlərin rəsmlərini çəkib, onların şücaətini əks etdirən əsərlər yaradıb.
AZƏRTAC xəbər verir ki, Şəmkir şəhərində yaşayan rəssam indi qələbə, qalibiyyət, müzəffər ordumuz haqqında əsərlər ərsəyə gətirir.
Son miniatürü isə dahi şairimiz Nizaminin dünyaya mesajını əks etdirir. Rəsm əsərinin eni 2,30 metr, hündürlüyü 1,50 metrdir. Miniatür əsərləri adətən kiçikhəcmli olsa da, rəssam burada əsərin mövzusunun genişliyini nəzərə alıb deyə ölçüləri də böyükdür. Lakin Fərman Hüseynov miniatür ənənəsinə sadiq qalaraq obrazları incəliklə işləyə bilib.

O, Nizami Gəncəviyə həsr etdiyi “Xəmsə” əsərini 3 aya ərsəyə gətirib. Bu barədə danışan rəssam deyir: “Yeni əsərim olan “Xəmsə” diplom işimin əsasında yaradılıb. Yəni Nizami Gəncəvi mövzusuna müraciət etmişdim və orada bu mövzunun üstündə çox işləmişəm. Burada Nizamini öz əsərləri, obrazları əhatəsində çəkmək istəmişəm. Dağların zirvəsində olan Nizami üzünü hökmdarlara tutub, onları ədalətə çağırır. Əlində “Xəmsə”sini, sağında və solunda müharibəni təsvir etmişəm. Nizami əsərdə müharibəni dayandırmağa, sülhə çağırır”.
Rəssamlıq akademiyasında təhsil alan Fərman Hüseynov oranı fərqlənmə diplomu ilə başa vurub. Hazırda isə Rəssamlar İttifaqının üzvüdür. Emalatxanası olmasa da, əsərlərini evinin alt mərtəbəsindəki otaqda yaradır.

Miniatürçü rəssam son illər yaradıcılığında vətənpərvərlik mövzusuna geniş yer verir. Əsərlərinin əksəriyyətini qrafika janrında işləyir.
“Birinci Qarabağ müharibəsi dövründə əsgərlərlə görüşürdüm. Döyüş zonalarına ezamiyyətə getmişdim. Orada könüllü olaraq əsgərlərimizin portretini işləmişəm. Aradan xeyli keçəndən sonra - Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində də vətənpərvərlik mövzusuna müracət etdim. Şəmkirin 65 şəhidinin hamısının qrafik portretini işləmişəm”, - deyən Fərman Hüseynovun rəssam kimi dəst xətti Səfəvilər dövründə Azərbaycan miniatür rəssamlıq məktəbinin məşhur ustadı olan Sultan Məhəmməddən qaynaqlanır. Belə ki, onun iş texnikasını mükəmməl mənimsəyə bilib və milli miniatür çalarlarımızı yaradıcılığında uğurla tətbiq edir. Rəssam əsasən keyfiyyəti ilə seçilən tempra boyalarından istifadə edir. Bu boyalarla işləmək müəyyən çətinlik yaratsa da, bunun öhdəsindən gələ bilir.

Hazırda yüzlərlə görkəmli şəxsiyyətin, şəhidlərin portretləri üzərində işləyən Fərman Hüseynov, eyni zamanda, “Xəmsə” miniatür əsəri ilə sərgilərdə iştirak etməyi planlaşdırır. O, xalq şairi Hüseyn Arifin qrafik əsəri üzərində də işləyir və onu bu il 100 illik yubileyi olan şairin ev-muzeyinə təqdim etməyi planlaşdırır.
Rəssamın xaricdə 20-dək sərgisi keçirilib. Kuba və Polşadan orada işləmək üçün dəvət alsa da, ölkəmizdə qalıb milli miniatür sənətini inkişaf etdirir. İndiyə qədər rəssamlığın mənzərə, qrafika janrlarında əsərlər ərsəyə gətirən sənətkar, həm də memar və miniatürçü kimi 2 mindən çox əsərin müəllifidir.