Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsində müsəlmanlara qarşı törədilən zorakılıq hadisəsi dövlət rəsmilərini hərəkətə gətirib


Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki Adıgeni kəndində xristian dini icmasının bəzi nümayəndələrinin müsəlmanlara qarşı zorakılığı, müsəlmanların namaz qılmasına mane olmaları ölkənin rəsmi qurumlarını hərəkətə gətirib.
AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı ilk olaraq Gürcüstan Müsəlmanları İdarəsi bəyanat yayıb. Bəyanatda deyilir: “Dini etiqad azadlığı Gürcüstan Konstitusiyası ilə qorunur. Buna uyğun olaraq, hər bir vətəndaş Konstitusiyaya və bir-birinin, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dəyərlərinə hörmətlə yanaşmalıdır”.
Gürcüstan Müsəlmanları İdarəsi hadisənin qısa zamanda araşdırılması və müvafiq tədbir görülməsi üçün səlahiyyətli orqanlara müraciət edib. “Ümid edirik ki, müvafiq dövlət orqanlarının reaksiyası ilə münaqişənin həlli mümkün olacaq ki, tolerant gürcü ənənəsinə ciddi zərər vuran oxşar hallar gələcəkdə təkrarlanmayacaq”, - deyə bəyanatda vurğulanıb.
İdarənin bəyanatından sonra Gürcüstanın Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb.
Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Aparatı və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi bəyanat yayaraq bu hadisəni pisləyib.
Ombudsman Levan İoseliani məsciddə namaz qılınmasına maneə törədilməsini qəbuledilməz adlandırıb.
Bildirilib ki, cümə günü (martın 8-də) Adıgeni kəndində müsəlmanların namaz ayini naməlum şəxslər tərəfindən pozulub. Hadisə yerinə gələn polis naməlum şəxslərin namaz qılınan evə girməsinə mane olub. İlkin məlumatlara görə, hadisənin təşəbbüskarı kənd keşişi olub.
“Konstitusiya ilə təmin edilmiş hər hansı zorakılıq və dini etiqad azadlığının məhdudlaşdırılması Xalq Müdafiəçisi üçün yolverilməzdir. Xalq Müdafiəçisi Aparatının rayon şöbəsinin əməkdaşı münaqişədə iştirak edən şəxslərlə danışıb. Hazırda vəziyyət öyrənilir, obyektiv, faktiki hallar dəqiqləşdirilir, bundan sonra mandat çərçivəsində müvafiq cavab veriləcək”, - deyə Xalq Müdafiəçisi Aparatının yaydığı bəyanatda bildirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin yaydığı məlumatda isə qeyd olunub ki, Agentlik din və inancdan uzaq dar düşüncəli insanların maraqlarına xidmət edən bu kimi hadisələri qətiyyətlə pisləyir: “Agentlik istənilən məqsədyönlü qarşıdurmanı rədd edir, din və inancın dar maraqlar üçün istifadəsini pisləyir. Agentlik müsəlman və xristian dini liderlərini təxribatlara uymamağa və hadisə ətrafında gərginliyin daha da artmasının qarşısını almağa, hər bir dini icmanı öz yerində işləməyə çağırır”.
Gürcüstan Patriarxlığı və polis baş verənlərlə bağlı mediaya şərh verməyib.
Xatırladaq ki, martın 8-də Adıgeni kəndində dini məktəbin fəaliyyət göstərdiyi və yerli müsəlman əhalinin cümə günləri namaz qıldığı Tsereteli 18 ünvanında yerləşən yaşayış binasının yaxınlığında qarşıdurma baş verib. Zarzma məbədinin keşişi Nikoloz Getsadze pravoslav ruhaniləri və bir qrup yerli sakinlər ilə birlikdə binanın həyətinə gələrək müsəlmanlardan binanı tərk etmələrini tələb ediblər. Hadisə yerinə xeyli sayda polis əməkdaşı cəlb olunub.