Üçtərəfli görüş gərginliyə gətirib çıxaracaq - PREZİDENT
Aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.
Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.