AzMİU-da “Milli Ahəngimiz”-MUSIQILI PROQRAM

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatı, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyin nəzdində “Muğam Dünyası” klubunun universitetdə birgə təşkil etdikləri “Milli Ahəngimiz” adlı musiqili konsert proqramı professor-müəllim heyəti, tələbələr tərəfindən maraqla qarşılanıb.

Versus.Az-ın məlumatına görə, konsert proqramından öncə AzMİU TGT-nın sədri İlahə Həsənova milli musiqilərimizin gənclər arasında təbliği və bu sahədə dövlət tərəfindən görülən işlərdən danışıb. Bildirib ki, prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir:

“Prezident İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. Onun qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanıb. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır”.

Tədris işləri üzrə prorektor Akif Qasımov çıxışında tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib. O, Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev şəxsiyyətindən danışıb:
“Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən artıq mühüm tarixi bir dövrü məhz Azərbaycan xalqının ümumilli lideri, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur”.

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyaslna Dəstək İctimai Birliyinin nəzdində Muğam Dünyası klubunun sədri Nicat Müslümov çıxışında AzMİU-nun rəhbərliyinə dərin təşəkkürünü ifadə edib. Qeyd edib ki, məqsəd Azərbaycanda və Azərbaycandan kənarda olan muğamsevərləri bir araya gətirməkdir.

Daha sonra çıxış edənlər “Muğam Dünyası” klubu haqqında məlumat veriblər. Bildirilib ki, qrupun feysbukda 48 min üzvü var:
“Qrupda gündəlik muğamla bağlı məlumatlar paylaşılır, təbliğ edilir. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib. Biz də özümüzə bir azərbaycanlı gənci kimi borc bilib könüllü olaraq “Muğam Dünyası” qrupunu yaratdıq ki, muğamımızı nəinki Azərbaycanda, ölkəmizdən kənarda təbliğ edək. Bizim “Muğam Dünyası” qrupumuz Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhvələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır. Səhifəmizdə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumatlar öz əksini tapır”.

Tədbirdə çıxış edən Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyaslna Dəstək İctimai Birliyinin nəzdində Muğam Dünyası klubunun sədr müavini Leyli Hüseynova vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyev daim musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirilməsində maraqlı idi:

“Tanınmış sənət adamlarının tarixi yubileylər, təntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasına daxil olub. Ümummilli liderin davamçısı Prezident İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan musiqisinə çox yüksək dəyər verir, o cümlədən muğam sənətinin dünya miqyasında tanınmasında mühüm rol oynayır. Hər iki ildən bir Heydər Əliyev Fondunun dəstəyi ilə Muğam Televiziya Müsabiqəsi keçirilir və hər dəfə bu müsabiqədə 7-8 nəfər yaxşı xanəndə yetişir. Bu, Azərbaycan Muğamının əldə etdiyi uğurdur”.

Sonra “Muğam Dünyası”-nın məqsəd və məramlarından danışılıb. Bildirilib ki, “Muğam Dünyası” klubu Azərbaycan gənclərini vətənəpərvər görmək istəyir:
“Orta və ali məktəb uşaqlarını Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, imkanları haqqında maarifləndirmək də məqsədlərimizdən biridir”.

Tədbir Milli Konservatoriyanın istedadlı və gənc xanəndələrinin ifasında xalq və bəstəkar mahnıları ilə davam edib.

AzMİU-da “Milli Ahəngimiz”-MUSIQILI PROQRAM
AzMİU-da “Milli Ahəngimiz”-MUSIQILI PROQRAM
AzMİU-da “Milli Ahəngimiz”-MUSIQILI PROQRAM
AzMİU-da “Milli Ahəngimiz”-MUSIQILI PROQRAM
AzMİU-da “Milli Ahəngimiz”-MUSIQILI PROQRAM
AzMİU-da “Milli Ahəngimiz”-MUSIQILI PROQRAM