Olqa Xodakovskaya: “SOCAR yanacaqdoldurma məntəqələrinin qarşısında həmişə növbə var” - MÜSAHİBƏ

Azərbaycan və Ukrayna GUAM çərçivəsində də birgə iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməyə davam edirlər. Ötən gün Ukrayna və Azərbaycanın Xarici İşlər nazirləri - Dmitri Kuleba və Elmar Məmmədyarov bu barədə söhbət ediblər. İqtisadiyyatdan əlavə, tərəflər Ukrayna-Azərbaycan dialoqunun, xüsusən də COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması sahəsində əməkdaşlığın fəal aparıldığını qeyd ediblər.

Ukraynalı ictimai xadim, Aqrar İqtisadiyyat İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru Olqa Xodakovskaya Media.Az-a müsahibəsində Azərbaycan-Ukrayna münasibətlərini şərh edib.

- Bir neçə gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Bakının Kiyevə maddi yardım göstərəcəyi barədə məlumatı təsdiqləyib. Düzdür, Ukrayna dövlətinin başçısı bu yardımı Ukrayna ilə Beynəlxalq Valyuta Fondu (BVF) arasında imzalanan memorandumla əlaqələndirdi. Üstəlik, Azərbaycanın 10 ildən artıqdır kreditlə bağlı BVF ilə əməkdaşlıq etmədiyi məlumdur...

- ...Düşünürəm ki, Azərbaycanın Ukraynaya verdiyi yardımın BVF ilə əlaqələndirilməsi stenoqrafların səhvidir və ya düşünülmədən deyilən sözdür. Ukrayna Prezidenti Vladimir Zelenski ölkəmizə kömək etməyə hazır olan dövlətləri və təşkilatları sadalayıb. Yeri gəlmişkən, artıq Ukrayna ilə BVF arasında memorandum imzalanıb. İndi Kiyev mətndə göstərilən şərtləri yerinə yetirməlidir. Bu, ötən ilin sonunda baş verdi. BVF onları tövsiyələr adlandırsa da, tələblər açıq şəkildə bildirilib. BVF missiyasının nümayəndələri ilə görüşdük və son üç ayda onlarla əlaqə saxladıq. Hansı şərtlərin çıxarıla biləcəyini və ya daha gec tarixə planlaşdırıldığını bilmək bizim üçün çox vacibdir.

Çox maraqlı məqam torpaq bazarının açılmasına aiddir. Ünsiyyətimiz, yazışmalarımız zamanı məlum oldu ki, BVF Ali Radaya təqdim edilən qanunun düzəliş edildiyi kimi qəbul olunmasını tələb etmir. Əsas tələb “Banklar haqqında” qanun, başqa sözlə, qondarma “Kolomoyski əleyhinə qanun”dur (İqor Kolomoyski - Ukrayna oliqarxı, ona məxsus “Privat Bank” milliləşdirilib - red.). Amma sənəd milliləşdirilmiş bütün banklara aiddir. BVF tələblərinin mahiyyəti onların əvvəlki sahiblərinə qayıtmamasından ibarətdir. Əvvəlki illərdə bankların yalnız ikisi milliləşdirilsə də, 100-dən çox bank iflas olmuş elan edildi. Bunlar “Privat Bank” və “Xreşatik” kommunal bankıdır.

- Azərbaycanın maliyyə yardımına qayıdaq. 300 milyondan söhbət gedir. Bu, Ukrayna üçün ciddi məbləğdir?

- Burada pulun nəyə sərf ediləcəyi əsasdır. Bu ünvanlı yardımdırsa (söhbət bundan gedir) və ya sırf pul şəklində texniki yardımdırsa, necə deyərlər, “əmtəə krediti”dirsə, onda faydası olacaq. Çindən Ukraynanın cənubundakı suvarma sisteminin bərpa edilməsinə yönəldilən iki milyard dollarlıq borc alınıb. Ancaq bank sisteminə əlavə edilmək üçün yönəldilmiş pul – bu, düz olmazdı.

Maliyyə sistemi böhranı astanasında olan Ukrayna kimi ölkə üçün hədəfli kreditlər ən yaxşısıdır. Karantin və koronavirus pandemiyası bizə çox ağır təsir etdi. Büdcələrə, xüsusən yerli büdcələrə daxilolmalar azalacaq - bu, aydın görünür. Xüsusilə, səhiyyə islahatlarının ikinci mərhələsi fonunda. Dövlət büdcəmizdə 300 milyard qrivna (təxminən 11 milyard dollar - red.) kəsir var və ilin əvvəlində bu rəqəm üç dəfə az idi. Qısası, Azərbaycandan alınan 300 milyon dollar hədəfli kredit olacağı təqdirdə bizə çox kömək edəcək.

- Ukrayna Azərbaycan neftini alır, Azərbaycan “qara qızıl”ın əsas tədarükçüsüdür. SOCAR şirkəti Ukraynada fəaliyyət göstərir. Ukrayna üçün Azərbaycanla bu cür əməkdaşlıq nə dərəcədə vacibdir?

- İcazə verin, SOCAR-dan başlayım. Uğurun əsas göstəricisi yanacaqdoldurma məntəqələrinin qarşısında olan növbədir. SOCAR-ın YDM-lərinin qarşısında bu, həmişə var. Şirkət Ukrayna bazarında ən yaxşı şirkətlərdən biridir. Halbuki, Ukraynada şirkətlər, yanacaqdoldurma məntəqələri arasında seçim çox böyükdür.

Ukraynanın Azərbaycan neftini alması barədə onu deyə bilərəm ki, faydaları çoxdur. Əvvəla, bu, yaxşı qurulmuş logistikadır. Yeni tədarük bazarlarının inkişafı həmişə əlavə xərclərlə müşayiət olunan və istehlakçılara təsir göstərən mürəkkəb prosesdir. Ukrayna Azərbaycanla sıx əməkdaşlığı davam etdirir və biz bunu çox müsbət qiymətləndiririk.

Ticarət əlaqələrini, xüsusilə kənd təsərrüfatı bazarında, çox yaxşı qurmuşuq. Məsələn, Azərbaycan Ukraynaya quru meyvələr tədarük edir (gömrük statistikasına görə, söhbət bütün məhsulların 80-85 faizindən gedir). Həm də keyfiyyət çox yaxşıdır, Azərbaycan mallarına tələbat var.