Laçında daha 24 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB FOTO
Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə və Zabux kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın bu gün 24 ailəyə qucaq açıb. Ailələr Laçında qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alıb və evlərində məskunlaşıblar.
Beləliklə bu gün 20 ailə olmaqla, 78 nəfər Laçın şəhərinə, 4 ailə olmaqla, 11 nəfər Zabux kəndinə köçüb.
Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində isə 211 ailə olmaqla, 808 nəfərin daimi məskunlaşması təmin edilib.