Nigar Bayramlı: “Güvən” regionlarda cəmiyyətə və uşaqlara xidmət edən iri xeyriyyə təşkilatıdır
Nigar Bayramlı “Güvən” xeyriyyə təşkilatının təsisçisidir. İqtisadçı təhsilinə malik tanınmış xeyriyyəçinin diqqətini geyim dizaynları da çəkir. Qızın etirafına görə, onda xeyriyyəçiliyə maraq hələ məktəb illərində yaranıb, atası bu işdə onu dəstəkləyib. O vaxt ailə Gəncədə yaşayırdı, gənc Nigar qocalar evlərini ziyarət edirdi. Həmin illərdə az şeyi dərindən qəbul edə bilsə də, talesiz insanlara şəfqət anlamı onun düşüncəsində möhkəm iz qoyub. Artıq böyüyəndə və xeyriyyəçiliklə ciddi məşğul olanlarla qarşılaşanda, Nigar bu çətin fəaliyyətin incəliklərini öyrənir, bununla yanaşı diqqətini paytaxt hüdudlarından kənara, necə deyərlər “göz qabağında” olmayan yerlərə yönəldirdi. Əvvəlcə qrupun, sonralar “Güvən” təşkilatının yardım coğrafiyası tədricən genişlənirdi və bu gün çoxsaylı regional ünvanları əhatə edir. Bu əsas istiqamətlərdən biri kimi xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək müəyyən olunur. Nigar Bayramlı bu və digər məsələlər barədə fikirlərini AZƏRTAC-ın müxbiri ilə söhbətində bölüşüb.
-Söhbət xeyriyyəçiliklə ciddi məşğul olanlardan gedəndə həmişə belə bir sual yaranır: belə təşəbbüs haradan qaynaqlanır?
-Müəyyən dərəcədə başa düşürəm ki, “niyə?”, “nədən ötrü?” və “nə səbəbə?” kimi suallar ortaya çıxır. Mən özüm də xeyriyyəçiliklə məşğul olmasaydım, kənardan baxsaydım, bu sualı verərdim. Biz xeyirxah addımlara nə qədər inansaq da, daxilimizdə şübhə qalacaq. Həmişə! Bu, qaçılmazdır. Başqasının ağrısını yüngülləşdirmək üçün səmimilik kifayət edir. Bəs ətrafdakıların şübhəsi? Gizlədiləsi deyil – adama toxunur. Mən axı bilirəm ki, hansı sınaqlardan keçirəm, həm də maliyyə tərəflərinə toxunan sınaqlardan. Elə vaxtlar olub ki, yanacağa pul olmayıb. Halbuki zahirən bunu heç kim hiss etməyib. Şadam ki, bütün bunlar artıq keçmişdə qalıb.
-Bəs sizin şəxsi səbəbiniz nədir?
-Bir saatın içində həyatın dəyişməsini öz üzərimdə hiss etmişəm. Mənim firavan uşaqlığım olub, çünki ailəm maliyyə baxımından təmin olunmuşdu. Lakin elə bir dövr olub ki, mən küçədə gecələmişəm. Şüuraltımda bir istiqamət möhkəmləndi: uşaqlara imkan verməyəcəyəm ki, qarşıma çıxan çətinlikləri onlar da keçirsinlər. Özü də bu zərbə bizim ailəyə yaxın adamlar, qohumlar tərəfindən endirilmişdi. Bu gün məişət və fiziki zorakılığa məruz qalan uşaqları görüncə başa düşürəm ki, onlarda mənim bir hissəm var. Çatdırılan ərzaqlar deyil, uşaqların üzlərindəki təbəssüm, onların sevinci məndə motivasiya yaradır.
-Qazanc gətirən əsas iş ilə xeyriyyəçilik kimi enerjitükədici məşğuliyyəti bir araya necə gətirmək olur?
-Yalan deməyəcəyəm, bu, bir qədər çətindir. Çünki mənim iki fəaliyyət istiqamətimi mühümlüyünə görə ayırmaq mümkün deyil. Hər ikisi diqqət, zəhmət tələb edir. Yadımdadır, pandemiyaya qədər xaricdən gətirilən geyim satışı ilə məşğul idim. İnsanlara gözəl görünmək üçün şərait yaratmaq xoşuma gəlirdi. Eyni zamanda kifayət qədər vəsait qazanmaq istəyirdim ki, ehtiyacı olan uşaqlara zəruri şeylər alım. Bilirsiniz, bu gün də elə qazanmağı arzulayıram ki, kənardan kömək üçün müraciət etməyim. Pandemiya vaxtı lap çətin idi. Hətta adi komanda toplamaq üçün əməkhaqqına vəsait lazımdır. Başa düşürəm ki, könüllülük hərəkatı var, lakin bunu əsası olmalıdır, müəyyən məsələləri həll etməyə qadir olan nəzarətçi orqan lazımdır. Həm də təmənnasız kömək edənlərə də qayğı göstərilməlidir. Ən azından onların nəqliyyat xərcləri qarşılanmalıdır. Hər şey ədalətli olmalıdır.
-Geyim satışı və xeyriyyəçiliyin korrelyasiyası necədir?
-Gözəl görünmək arzusu var. Ehtiyacı olanları dəstəkləyəndə, hər şeydən əvvəl, onlara sevinc bəxş edirəm. Onlara qonaq gəlirəm, bunu isə bayram görkəmində etmək lazımdır. Hələ də skeptik fikirlər eşidirəm: uzaq qəsəbələrə dikdaban ayaqqabıda getmək nəyə lazımdır? Gözəllik mənim xoşuma gəlir. Yeri gəlmişkən, mən xüsusi qayğıya ehtiyacı olan uşaqların analarına tez-tez müraciət edirəm ki, onlar özlərinin və uşaqlarının ünvanlarına bu kimi sözlər eşidəndə heç kimə fikir verməsinlər. Niyə qadın çətin həyat şəraitində mütləq özünü yaddan çıxarmalıdır? Mən analarımızın gözəl görünmələrini xoşlayıram. Ötən il Neftçalada gözəllik salonuna avadanlıq aldıq. Yadımdadır, qadınlara bu fikri çatdırırdım ki, uşaqlar analarının necə gözəl olmalarını görməlidirlər. Qadına, hətta azacıq qulluq fürsəti də əminlik verir. Həmişə təsdiqləyəcəyəm ki, gözəllik sevgidir, Yaradanın bir zərrəsidir.
-Azərbaycanda digər xeyriyyə təşkilatları da var. Onlarla əlaqələriniz mövcuddur?
-Çox təəssüf ki, belə əməkdaşlıq olduqca mürəkkəbdir. “Güvən” hər hansı təşkilatla əlaqəyə açıqdır. Yadıma gəlmir ki, onlardan hansısa birgə layihə təklif etsin. Bu formata aid mən də ehtiyat etdiyimi gizlətmirəm. Naməlum reaksiya qorxudur. Təcrübəmdə media sahəsində şəxslərə sosial şəbəkələrdəki səhifələrində məlumatı paylaşmaq xahişi ilə müraciət etmək də olub. Əksər hallarda onlardan “yox” cavabı eşidirəm, çünki bu, havayıdır. Hətta öz üzərində çalışan və “zərbənin qarşısını almağı” öyrənən insan kimi, mən də belə məqamlarda ağrı-acı hiss edirəm.
-İlk baxışda xeyriyyəçilik daimi kömək tələb edir...
-Daimi kömək – bu, əla variantdır. Lakin əlçatmazdır. Çox vaxt müraciətlər xahiş formatında olur, bəzən isə iradənə qarşı hərəkət etməli olursan. Arxada xoşagəlməz söhbətlər eşidirsən, insana bu, ağır gəlir. Mənim arzum budur ki, “Güvən” regionlarda cəmiyyətə və uşaqlara xidmət edən iri xeyriyyə təşkilatına çevrilsin. Düzünü deyim, bu gün görülən işlərə dönüb baxanda bunu kiçik damcı hesab edirəm. Axı bizim onların həyatına daha çox sevinc gətirməyə gücümüz çatar.
-Alicənab çağırışa “yox” cavabı almaq bir növ şapalaqdır. Bunun öhdəsindən necə gəlirsiniz?
-Çalışıram vəziyyətə başqa rakursdan baxım. Axı mənim müraciətlərim çətin taleyi olan uşaqlarla bağlıdır. Düzdür belə hallarda tısbağa kimi qınına çəkilib, oranı tərk etmək istəmirsən. Kömək etmək istəyi və münasibət göstərmək qərarı məcburi xarakter daşımır. Sonda xeyriyyəçilik hər kəsin şəxsi işidir. Hər şeydən əvvəl öz gücünə arxayın olmalısan. Bəs kənardan kömək? Doqquz “yox”a mütləq bir “hə” tapılacaq. Çox təəssüf ki, imtina edən insanların siyahısı artır. Lakin bu, onların vicdanına qalsın, müxtəlif cür vəziyyətlər olur. Bəzən əvvəlki imtina sonradan həmin tərəfdən təşəbbüsə çevrilir.
-Axı kömək üçün müraciət edəndə, bunu kimdən ötrü etdiklərinin gözlərini görürsən. Halbuki başqasından asılılıq hissiyyatını emosional baxımdan xoşagələn adlandırmaq mümkün deyil.
-Hər hansı belə müraciət mənim üçün öz üzərimdən adlayıb keçmək cəhdi ilə başlayır. Axı “baş əymək” hansısa stresdir. Lakin belə məqamlarda məni inam xilas edir. Hansısa daxili qüvvə mənə düzgünlüyümdə əminlik verir və məni şəxsiyyət kimi azacıq da əzmir. Mənə və ailəmizə çətin dövrümüzdə kömək etmir və bizi başa düşmürdülər. Bütün bunlarla yanaşı, ailə qaydalarına görə bu problemlərin dərinliyini heç cür nümayiş etdirmək olmazdı. Anam bizi elə böyütmüşdü ki, heç kimə zəifliyini göstərməməlisən. Ancaq başqalarına yardım üçün müraciət edəndə, burada heç bir həqarət yoxdur. Mən özümün bir hissəmi alınlarına taleyin çətinlikləri yazılmış uşaqlarda görürəm. Söhbətin nədən getdiyini başa düşmək üçün bir dəfə bu uşaqların gözlərinə baxmaq, onların ürəyiaçıq qucaq açmalarını, saxta olmayan fərəh hissini görmək kifayət edər.
-Xeyriyyəçiliyə gələn insan hansı daxili keyfiyyətlərə malik olmalıdır?
-Öz faciəsinə. O, nə isə özününkü olan hissləri yaşamalıdır. İnsanı həyatda müşayiət edəcək öz əhvalatı olmalıdır. Yıxılmayan heç vaxt ağrının, xəyanətin nə olduğunu bilmir, özündə qatlanmamaq gücü axtarmayıbsa, başqalarını başa düşməyəcək. İnsanın özündə şəxsi yaşadıqları olmalıdır. Heç kimin görmədiyi göz yaşları olmalıdır. Düzdür, bu, əlamət deyil. Elə insanlar var ki, sarsıntılardan keçərək xeyriyyəçiyə çevrilmirlər. Sadəcə onların missiyası başqadır və o, başqa cür ifadə olunur. Əminəm ki, səxavətlilik dərin düşüncəli insanlara aiddir. Hər hansı köməklik yaxşılıqdır. Yəni bu, fərdi maliyyə imkanları ilə əlaqəli kateqoriya deyil. Ancaq bu amil daha geniş potensial əhatə verir. Qucaqlamanın səmimiliyi də yaxşılıqdır. Əsas məsələ səmimi olmaqdır.